Şamaxıda ağır qəzada xəsarət alanların kimliyi MƏLUM OLDU
Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
Yenicag.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində Bakı şəhər sakinləri – 1983-cü il təvəllüdlü Dürdanə Nağıyeva, 1979-cu il təvəllüdlü Vüsalə İsmayılova və onların 3 azyaşlı övladları xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hadisə nəticəsində sürücü, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Əzimə Rzayeva isə yüngül xəsarət aldığından xəstəxanaya müraciət etməyib.
Qeyd edək ki, qəza nəticəsində Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Leyla Qasımova isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
20.56
Bu gün saat 13:00 radələrində Şamaxı rayon ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 9 nəfər 4 nəfər (kişi cinsli) və 5 nəfər (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Yenicag.az-a TƏBİB-dən bildirilib.
Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma və üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu təyin edilib.
Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü şəxs (qadın cinsli) ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna təxliyə olunub. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.