“Arzu edərdik ki, şəhidlərimizin övladları 18 yaşından sonra da digər güzəştlərlə təmin edilsin”.
Bu sözləri şəhid övladları üçün nəzərdə tutulan güzəştlərin 18 yaşından sonra dayandırılmasına münasibət bildirən tanınmış jurnalist və Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, şəhid övladlarının gələcək həyatlarında ev və işlə təmin edilməsində problemlər yaranır ki, bunların da həlli istiqamətində işlərin görülməsini arzu edərdik:
“Təəssüflər olsun ki, şəhidlərimizin övladları 18 yaşına çatdıqdan sonra onların bütün güzəştləri dayanır və heç bir imtiyazı qalmır. Bu da qanunvericiliyə uyğun tənzim edilir. “Qarabağ Qazilər Birliyi” dəfələrlə bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırır. Lakin təəssüf ki, bu məsələ öz həllini tapmayıb. Biz arzu edirik ki, bu mövzu öz həllini tapsın. Şəhidlərimizin övladları 18 yaşından sonra da digər güzəştlərlə təmin edilsin. Misal üçün, şəxsin anası xəstə olur, mənzil növbəsinə dura bilmir, ev problemləri yaşanır, digər valideyn – ana erkən vəfat edir və şəhid övladına ev verilmir və s. Bütün bunlar qanunvericiliyin yaratdığı problemlərdir. Nə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, nə Prezident Administrasiyası, nə Müdafiə Nazirliyi nə də başqa bir qurum onları evlə təmin edə bilir. Nəzərə alsaq ki, 44 günlük Vətən müharibəsində Tərtər, Bərdə, Ağdam və digər cəbhəyanı bölgələrimizdə savaş nəticəsində mülki vətəndaşlarımız həlak oldu və onlara da şəhid statusu verildi.
Buna görə də arzu edərdik ki, bu yönümdə olan qanunlara dəyişikliklər edilsin və burada olan yaş məhdudiyyəti aradan götürülsün. Həmçinin onlar üçün nəzərdə tutulan müavinət və digər ödənişlərin də miqdarında dəyişikliklər edilsin. Şəhid övladlarının bəzi vəzifələrə təyin olunması da nəzərə alınsa, çox yaxşı olardı. İndiki vəziyyətdə şəhid övladlarının böyük əksəriyyəti işsizdir. Müvafiq qurumlardan xahişimiz odur ki, ən əsas məqam olan yaş məhdudiyyəti aradan qaldırılsın”.
Yusif Səmədzadə
www.yenicag.az