Kremlin qarşısında ən ağır seçim: Ya geri çəkilmək, ya da daxili çöküş - ANALİZ
“Kremlin qarşısında seçim imkanları artıq məhduddur”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

Politoloq Rusiya–Ukrayna müharibəsinin hazırkı gedişatını şərh edib. M.Bünyadlı artıq Rusiyanın işinin çətinləşdiyini diqqətə çatdırıb:
“Yaxın Şərqdə İran ətrafında yaranmış gərginliyin müəyyən mərhələdə nəzarət altına alınmasından sonra beynəlxalq diqqətin yenidən Rusiya–Ukrayna müharibəsinə yönəlməsi ehtimalı artır. Son günlər beynəlxalq diplomatik platformalarda aparılan müzakirələr də göstərir ki, Ukrayna məsələsi Qərb üçün yenidən əsas prioritetlərdən birinə çevrilməkdədir.
ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi G7 sammitində əsas müzakirə mövzularından biri məhz Rusiya–Ukrayna müharibəsi və onun həlli yolları olub. Sammit çərçivəsində Rusiyaya qarşı təzyiqlərin artırılması, yeni sanksiyaların tətbiqi və Ukraynaya dəstəyin genişləndirilməsi məsələləri gündəmə gətirilib. Trampın son açıqlamalarından belə görünür ki, İran məsələsinin nisbətən sabitləşməsindən sonra Vaşinqton diqqətini daha çox Ukrayna istiqamətinə yönəldə bilər. Tramp bu mesajı G7 sammitində verib: əgər Avropa Hörmüz boğazında ABŞ-a dəstək verərsə, o zaman Tramp Ukrayna məsələsində Putinə təzyiq göstərəcək”.
M.Bünyadlı müharibədə artıq iki cəbhə yarandığını qeyd edib:
“Bu fonda Ukraynanın son aylarda Rusiyanın dərinliklərinə qədər uzanan pilotsuz uçuş aparatları və digər vasitələrlə həyata keçirdiyi hücumlar da xüsusi əhəmiyyət daşıyır. Kiyev təkcə cəbhə xəttində deyil, eyni zamanda Rusiyanın daxili təhlükəsizlik mühitində də təzyiq yaratmağa çalışır. Beləliklə, müharibədə faktiki olaraq iki cəbhə formalaşır: biri Ukraynadakı döyüş meydanları, digəri isə Rusiyanın öz ərazisi, xüsusilə də Moskva və digər strateji bölgələrdir.
Ukraynanın məqsədi Rusiyanı öz təhlükəsizlik məkanında təhdid hiss etməyə məcbur etmək və bununla da Kreml rəhbərliyini daha çevik siyasi qərarlar qəbul etməyə sövq etməkdir. Lakin indiki mərhələdə Moskvanın mövqeyində ciddi dəyişiklik müşahidə olunmur. Türkiyənin xarici işlər naziri Hakan Fidanın Moskvaya səfərindən sonra verdiyi açıqlamalar da göstərir ki, Kreml Ukrayna məsələsində əvvəlki mövqeyini qoruyur. Xüsusilə Donbas istiqamətində strateji məqsədlərindən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir.
Bununla belə, Rusiyanın geosiyasi vəziyyəti getdikcə mürəkkəbləşir. Moskvanın əsas tərəfdaşlarından biri hesab olunan İran hazırda öz regional problemləri ilə məşğuldur və Rusiyaya əvvəlki səviyyədə siyasi dəstək vermək imkanları məhdudlaşa bilər. Digər tərəfdən, Çin Rusiyanın tam məğlubiyyətində maraqlı olmasa da, zəifləyən Rusiyanın Pekindən daha çox asılı vəziyyətə düşməsi Çin üçün əlavə geosiyasi üstünlüklər yaradır. Bununla yanaşı, Çin iqtisadiyyatında müşahidə olunan problemlər də Pekinin Moskvaya qeyri-məhdud dəstək verməsini çətinləşdirir”.
Şimali Koreya faktoruna toxunan politoloq Rusiyanın bu ölkənin ordusuna ehtiyacı olduğunu, amma bunun yetərli olmadığını qeyd edib:
“Şimali Koreyanın hərbi və texniki yardımları isə Rusiyanın uzunmüddətli strateji ehtiyaclarını tam şəkildə qarşılamaq gücündə deyil. Beləliklə, Moskvanın əsas dayağı getdikcə daha çox öz daxili resurslarına söykənməyə başlayır.
Bu resursların davamlılığı isə ayrıca sual doğurur. Müharibənin uzanması Rusiyanın iqtisadi sisteminə əlavə yük yaradır. Hərbi xərclərin artması, texnologiyalara çıxışın məhdudlaşması, sanksiyaların təsiri və investisiya axınının zəifləməsi iqtisadi inkişaf perspektivlərini çətinləşdirir. Müharibə iqtisadiyyatı qısamüddətli dövrdə müəyyən nəticələr versə də, uzunmüddətli perspektivdə dayanıqlı inkişaf modeli hesab edilmir.
Əgər Ukraynanın Rusiya ərazisinə yönəlmiş hücumları intensivləşərsə və Qərbin siyasi-iqtisadi təzyiqləri artarsa, Kremlin qarşısında seçim imkanları daha da məhdudlaşa bilər. Belə şəraitdə Moskvanın müqavimət qabiliyyəti ilk növbədə daxili iqtisadi potensialdan, ictimai dözümlülükdən və siyasi sistemin dayanıqlığından asılı olacaq”.
Sonda politoloq qeyd edib ki, bütün çətinliklərə baxmayaraq Rusiya müharibəni davam etdirməkdə israrlıdır:
“Hazırkı mərhələdə Rusiyanın yaxın zamanda geri çəkiləcəyini və ya məqsədlərindən tam imtina edəcəyini söyləmək çətindir. Lakin bir məqam aydındır: İran məsələsindən sonra beynəlxalq diqqətin yenidən Ukrayna müharibəsinə yönəlməsi Kremlin üzərindəki təzyiqi artırır və Rusiyanın geosiyasi manevr imkanlarını əvvəlki dövrlərlə müqayisədə daha da məhdudlaşdırır.
Müharibənin taleyini isə nə Moskvanın bəyanatları, nə də Qərbin sanksiyaları təkbaşına müəyyən edəcək. Həlledici faktor Rusiyanın daxili resurslarının davamlılığı və Ukraynanın hərbi-siyasi təzyiqi nə qədər uzun müddət saxlaya bilməsi olacaq. İstənilən halda, Rusiyanı çətin günlər gözləyir”.
Nurlan Cəfəri













