Reklam: High Technic
hightechnic

Şəhriyar geri çəkilmədi: “Ümumilikdə şahmatçılara ayrılan vəsaiti şəxsi büdcəm kimi təqdim edirlər”

Reklam: High Technic

Azərbaycanın dünya şöhrətli qrossmeyster Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazdığı statusla bağlı yeni açıqlama verib.  

Məmmədyarov şəxsi “Facebook” hesabı vasitəsilə ötən gün verdiyi açıqlamasına siyasi don geyindirildiyini bildirib:

“Əziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm. Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və Vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəyəm” yazan Məmmədyarov məsələyə aydınlıq gətirib. O deyib ki, son 5 il ərzində aidiyyəti qurumlardan yalnız İddiaçılar Turniri üçün maliyyə dəstəyi alıb:

“Bu məbləğ yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir. Həmçinin, milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi vəsaiti hesabına maliyyələşir. Ümumilikdə il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm”.

Məmmədyarov bildirib ki, şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib vermək və s. xərcləri öz hesabına ödədiyindən, məcburən çoxsaylı turnirlərə qatılmalı olur. Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır:

“Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm. Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var. Mənimlə bərabər turnirlərdə mübarizə aparan və daha aşağı reytinqə malik şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlardan dəstək alırlar. Mən isə burada özümün və komandamın yeməyini belə şəxsi hesabıma ödəyirəm”.

Təcrübəli şahmatçı fikirlərinin hansısa maddi qazanc daşımadığını və hər bir peşəkar idmançı kimi nəyə qadir və layiq olduğunu çox gözəl anladığını vurğulayıb:

“Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində “20-liy”ə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağıdakı tərkibdə komandanın olması vacibdir: Menecer, 2 məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplanışlarının keçirilməsi üçün güclü sınaqçı-rəqiblər. Bu tərkibdə komandanın saxlanılması isə sözsüz ki, külli miqdarda vəsait tələb edir. Biz sponsorluq üçün şirkətlərə dəfələrlə müraciət etmişik. Sonuncu dəfə bu müraciət 6 il əvvəl olub. Lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim. Bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin mətbuat xidmədi Səmayə Məmmədova Şəhriyrın ittihamlarına cavab olaraq bildirmişdi ki, “Şəhriyarın yarışlara getməsinə gəldikdə isə Gənclər və İdman Nazirliyi tərəfindən 2017-ci ildə təqdim olunan tədbirlər planına əsasən, 250 min manat, 2018-ci ildə isə 200 min manat vəsait ayrılıb. Bu vəsait şahmatçıların yarışa getməsi, yolpulu və qidalanma üçün nəzərdə tutulur. Qeyd edim ki, əlavə xərclər də ödənilib.

Heç bir şahmatçı getdiyi beynəlxalq və yerli turnirlərə öz hesabına qatılmır. Hamısı nazirlik tərəfindən hərtərəfli təmin edilir və ediləcək də”.

www.yenicag.az

6403