Separatçıların məhkəməsi: İbtidai istintaqa ifadələrinin elan olunması başa çatdı

media-hightechnic-468x90

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 5-də davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib.

Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvarında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib. Bu müddətdə ona “AKS-74” avtomat silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan “T-55”, “T-72” tipli ağır döyüş tankları, “BMP-1”, “BMP-2” markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan (hazırda həbsdə olan təqsirləndirilən şəxs – red.) tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.

2020-ci il sentyabrın 20-də “Xankəndi şəhəri hərbi komissarlığı tərəfindən məcburi şəkildə “silahlı qüvvələr”in tərkibində “xidmət”ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni, sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş “3-cü müdafiə xətti”ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Həmin batalyonun adı “Alaşa” olub.

L.Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. O vaxtdan “Artsakhbank” (Ermənistan bankıdır – red.) adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni, 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Daha sonra məhkəmə prosesinə sədrlik edən hakim təqsirləndirilən şəxslərin hamısının – 15 nəfərin ibtidai istintaqa ifadələrinin elan olunmasının başa çatdığını bildirib.

O, təqsirləndirilən şəxslərə ibtidai istintaq və məhkəmə istintaqında verdikləri ifadələrində ziddiyyətlərin olub-olmadığı, elan edilən ifadələrlə razılaşıb-razılaşmamaları barədə sualların ünvanlanacağını deyib.

Təqsirləndirilən Levon Balayan, Melikset Paşayan, Qurqen Stepanyan kiçik istisnalarla ibtidai istintaqdakı ifadələrini təsdiqlədiklərini deyiblər.

Təqsirləndirilən Madat Babayan və Qarik Martirosyan ibtidai istintaq zamanı verdikləri ifadələri tam təsdiqləyiblər.

Qurqen Stepanyan, Davit Allahverdiyan, həmçinin Erik Qazaryan və Vasili Beqlaryan məhkəmə istintaqı zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər.

Davit Manukyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən Arkadi Qukasyan da onun ibtidai istintaqda deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilən Levon Mnatsakanyan elan olunan ifadəsinin müəyyən hissələri ilə razılaşmadığını qeyd edib.

Davit İşxanyan ibtidai istintaqda verdiyi ifadəsinin deyil, məhkəmədə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib.

Təqsirləndirilənlər Bako Saakyan və Arayik Harutyunyan da məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin əsas götürülməsini hakimlər kollegiyasından xahiş ediblər.

Təqsirləndirilən David Babayan müdafiəçisi ilə konfidensial görüş keçirdikdən sonra elan olunmuş və ibtidai istintaqda verdiyi ifadəsinə növbəti məhkəmə prosesində münasibət bildirməyə şərait yaradılmasını xahiş edib.

Məhkəmə iclasına sədrlik edən hakim təqsirləndirilən şəxsin vəsatətini nəzərə alaraq, növbəti prosesdə ifadəsinə münasibət bildirmək üçün ona imkan yaradılacağını bildirib.

Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa