Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.
DSX-dən Yenicag.az-a verilən məlumata görə, son günlərdə 4 İİR vətəndaşının saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
Belə ki, 21 noyabr 2018-ci il tarixdə “Tehran-Bakı” aviareysi ilə ölkəmizə uçub gələn İran İslam Respublikası vətəndaşları 1969-cu il təvəllüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahimniaomrani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və 2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib.
Araşdırma zamanı saxlanılmış şəxslərin üzərində onlara məxsus İİR pasportları aşkar olunub, həmin pasportlara əsasən onların 17.11.2018-ci il tarixdə “Tehran-İstanbul” aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir.
Müvafiq araşdırmalardan sonra saxlanılmış şəxslər gəldikləri istiqamətdə ölkə ərazisindən deportasiya olunublar.
www.yenicag.az