“Səyyad Salahlı və Allahşükür Paşazadə dini komitəni dağıtdılar, indi isə camaatın haqqını yeyirlər” – Hafiz Hacıyev
“Bunların səviyyələri yoxdur, biri gedir sovetin bayrağını qaldırır, biri maşını, biznesi, var-dövləti ola-ola 5000-dən danışır”.
Bunu Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, Milli Məclisin deputatı Səyyad Salahlının “5000 manat maaş alıram, necə qənaət edim?” açıqlamasına münasibət bildirib.
H. Hacıyev maraqlı sual ünvanlayıb:
“Səyyad müəllim çıxışlarında xalqın acı reallıqlarından niyə danışmır?! Niyə 360 manat pensiya alan, illərlə maaş üzünə həsrət qalan, çörəyə möhtac insanlar barədə bir kəlmə söz demir?! Niyə bu millətin dərdini öz dərdi hesab etmirlər?!
Millətin çoxu ac-susuzdur, çoxu ailəsini dolandırmaq üçün namusunu belə hərraca çıxarmağa məcbur olub. Uşağı, ailəsi üçün beş qəpik qazanmaqdan ötrü yüz oyunlara girirlər. Səyyad Salahlı Allahşükür Paşazadə ilə dini komitəni dağıtdılar, yedilər, indi keçiblər camaatın haqqını yeməyə. 5.000 manatdan danışırlar bəs biz nə edək?! Özümüzü öldürək?! Bunlar hətta fürsət tapan kimi dövlətin üzərinə qalxacaq məxluqdurlar. Çünki bunlar millətin deyil, ancaq öz ciblərinin dərdindədir. Bir dəfə demişdi ki, 360 manatla necə yaşasınlar?! Axşamdan-axşama camaata cərimələr yazılır. Bir dənə qayınanası, bacısı gözəli qoyublar AYNA-nın başına. Yığılan cərimələrin hamısını aparıb Dubayda villa tikdirirlər, bizneslər qururlar. Bunları niyə demirlər, kordurlar, yoxsa kardırlar?”
“5.000 az puldur ki, dolana bilmirsiniz?! Maşının da, hər şeyin də var, sadəcə ayıb olsun. Türkiyədə səfir, dini komitədə müavin oldun. Nə var yeyib dağıtdınız. Bəs bu xalq yazıq deyil?! Dövlət başçısı bu qədər əziyyət çəkir, gecə-gündüz dövlətimiz və millətimiz üçün çalışır. Bu əməyə belə qiymət verilir?! Bunların səviyyələri yoxdur, biri gedir sovetin bayrağını qaldırır, birinin maşını, biznesi, var-dövləti ola-ola 5.000-dən danışır. Bunlar heç vaxt millətin qayğısına qalmırlar. Bu adamlar dövlətin çətin günündə onu satmağa hazırdırlar. Azərbaycan xalqını, dövlətini satmaqdan çəkinməyəcəklər”, – deyə o, əlavə edib.
H. Hacıyev söyləyib ki, ehtiyatlı olmaq lazımdır:
“Səyyad müəllimin dedikləri yalandır, absurddur. Onların maaşı 5.000 manat deyil. Mənim məlumatıma görə onlar aşağısı 8-9 min manat maaş alırlar. Özlərinin də bizneslərinin sayı-hesabı yoxdur. Hər şeyi bilirik, gərək hər şeyi açıb-tökək?! Qurban olsunlar Prezidentimizə. Yoxsa bunların hamısını dənizə tökərəm. “Beşinci kolon”un nümayəndələridir, Ramiz Mehdiyev gətirib onları bu yerə. İndi asta-asta yerdən pırtlayıb alaq otu kimi çıxırlar. Heç bir qələt də edə bilməzlər. Nə qədər ki, biz varıq və Prezidentimizin arxasında durmuşuq, Azərbaycan dövlətçiliyini qoruyub, saxlayacağıq”.
Nəsimi Ələsgərli