Qəbələ rayon sakini Tərlan Yusifov RPŞ-yə ərizə ilə müraciət edərək Zarağan kəndində yerləşən ona məxsus mağazadan ümumi dəyəri 300 manat olan müxtəlif əşyaların oğurlanması barədə məlumat verib.
DİN mətbuat xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə məlumatla əlaqədar Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qohumlar rayonun Soltannuxa kənd sakinləri Bəxtiyar və Rizvan Süleymanov, eləcə də əvvəllər də məhkum olunmuş Maxsud Süleymanov saxlanılıblar.
Araşdırmalar nəticəsində onların digər oğurluq əməllərinin də üstü açılıb. Belə ki, saxlanılan şəxslər may ayının 4-də gecə saatlarında Elçin Ədilova məxsus rayonun Zarağan kəndində yerləşən mağazadan pul, tütün məmulatları, müxtəlif enerji içkiləri və digər əşyaların, eləcə də həmin gün eyni kənddə Mənsur Davudova məxsus anbarın qapısını sındıraraq qanunsuz şəkildə ora daxil olduqları və oğurluğa cəhd etdikləri müəyyən edilib. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.
Faktla bağlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
www.yenicag.az