Siyasi səhnədə YENİ OYUN – Sülhə mane olan KİMDİR?
“Ermənistan Azərbaycanın şərtlərini qəbul edir”.
Bu fikri Ermənistanla Azərbaycan arasında baş verən proseslər, danışıqlar və gözlənənləri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, kənar qüvvələr müdaxilə etməsə, sülh müqaviləsi bağlana bilər:
“Nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında delimitasiya-demarkasiya prosesi davam edir. Ermənistan mətbuatı yazır ki, artıq Qazax rayonunun 3 və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması prosesi başlayıb. Ermənistanın Azərbaycana qaytaracağı kəndlərdən Ermənistanın kommunikasiya xətləri keçir. Ermənistan Azərbaycandan vaxt istədi ki, kommunikasiya xətlərinin yerinin dəyişdirsinlər. Artıq həmin regionun bələdiyyə sədri açıqlama verib ki, təhvil vermə üçün işlər görülür. Bu o deməkdir ki, Ermənistan sözü gedən kəndləri Azərbaycana təhvil verəcək”.
Onun sözlərinə görə, Ermənistan xarici işlər nazirinin Türkiyə səfəri və orada verdiyi bəyanatlardan belə aydın olur ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul edir:
“Rusiya bəyanat verir ki, atəşkəs rejiminə əmək edir. Moskva yenidən bildirir ki, tərəflər arasında vasitəçi olaraq bilərlər. Ararat Mirzoyan isə buna cavab olaraq bildirir ki, bizə vasitəçi lazım deyil. ATƏT-in Minsk qrupunun buraxılmasına gəldikdə isə Ermənistan xarici işlər naziri bunun sülh müqaviləsindən əvvəl də etmək olar. Vəziyyətin belə bir həddə olduğu zamanda Qarabağ erməniləri komitə yaradıblar və Şahramanyanla görüşüblər. Bu sülh prosesini ləngitməyə hesablanıb. Buna maraqlı tərəflər isə erməni kilsəsi, daxili və xarici erməni diasporu Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında marağı olmayan böyük regional qonşu dövlətlər. Bu qüvvələrin məqsədi Ermənistanın indiki hakimiyyətinə təsir etsinlər və separatçıların hüquqları ilə əlaqədar bir maddə əlavə edilsin”.
“Müqavilənin imzalanacağı məkana gəldikdə isə türkiyəli jurnalistlərin verdiyi suala cavabında Mirzoyan qeyd etdi ki, bu Azərbaycanla Ermənistan sərhədində də ola bilər, Türkiyədə də, ancaq Rusiyanın adını çəkmədi. 9 mayla bağlı Putin Azərbaycan Prezidentini və Ermənistan Baş nazirini dəvət edib. Axır zamanlar Rusiya dəhlizlə bağlı çox bəyanatlar verir. Əgər müqavilə Türkiyədə bağlansa, yola nəzarət veriləcək Türkiyəyə. Rusiyada imzalansa, Rusiya yola nəzarət edəcək. Ona görə də məkan əhəmiyyətlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd