“Hesab edirəm ki, dövrə uyğunlaşmaq, müasirləşmək lazımdır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zümrüd Qasımova “sosial şəbəkələr teatra olan marağı azaldırmı” sualını cavablandırarkən deyib.
Aktrisa zövqlərin sürətlə dəyişdiyi, sosial platformaların artdığı bir zamanda teatrlara olan marağın gücləndirilməsi, tamaşaçı axını üçün ilk növbədə teatrların təbliğata, reklama böyük ehtiyacının olduğunu bildirib:
“Bir aralar teatrlarımızda durğunluq var idi. Amma son zamanlar vəziyyət yaxşılığa doğru çox dəyişib. Teatrlara axın, maraq daha çox artıb. Sadəcə olaraq, dövrə uyğunlaşmaq, müasirləşmək lazımdır. Bu gün sosial şəbəkələrdə hər teatrın öz səhifəsi var. Orada maraqlı görüntülərlə tamaşaçıda maraq yaratmaq, teatra cəlb etmək lazımdır. Yəni teatrın da reklama çox böyük ehtiyacı var. Çünki gündəm fərqlidir, insanların zövqü sürətlə dəyişir. Sosial platformaların sayı artıb. Sürətlə dəyişən zövqlərin içərisində ruhunu dincəltmək üçün ən gözəl məkan teatrdır. Düşünərm ki, teatrın təbliğatı güclü olmalıdır”.
Cəvahir
www.yenicag.az