Şou əhlinin harınlığı və ya “mal-mülk yarışı”nın pərdəarxası
Telekanallarımız efirində müğənnilərin “hegemonluq” etdiyi heç kəsə sirr deyil. Bayağı müğənnilər sözün əsl mənasında televiziyaların efirini zəbt ediblər. Şou , bir növ Azərbaycan tamaşaçısının əsas normasına çevrilib. Hərçənd ki, şou olsa dərd-yarıdır. Qalmaqal, ədəbazlıq, süni modanı cəmiyyətə sırıyırlar-desək yanılmarıq.
Bu kimi mənfi tendensiyalar hər kəsə yaxşı bəllidir. Digər tərəfdən müğənnilərin efirdə özlərinin var dövlətini, cah-cəlalını nümayiş etdirməsi, sanki həmkarları ilə “var-dövlət yarışı”na çıxması tamaşaçılarda yalnız ikrah hissi oyadır.
Bəs görəsən bu cür “var-dövlət yarışı” cəmiyyətə nə kimi mənfi təsilərləri var? Nədən qaynaqlanır?
Məsələyə münasibət bildirən Psixoloq Vəfa Əkbər qeyd edir ki, bu kimi məsələlər gündəmdə də özünü əks etdirir. Psixoloq dünən “Space”-in efirində baş qalmaqalı misal çəkib.
“Efirlərdə gündəlik əyləndirən insanları cəmiyyət pis və ya yaxşı formada tanıyır. Təbii ki, belə olan təqdirdə onlar şöhrət qazanmaqla yanaşı pul da qazanırlar. Lakin elə elm adamları var ki, illərlə təhsil sahəsində xeyli işlər görüb, əllərində statusları var. Ancaq efir adamlarının qazandıqlarının çox az hissəsini qazana bilirlər. Belə olan təqdirdə cəmiyyətdə böyük bir paradoks yaranır. Biz həmişə uşaqlarımızı o yöndə tərbiyə edirik ki,oxuyub müəyyən bir sənət sahibi olsunlar.Lakin özümüz də fərqindəyik ki, təhsilli sənət sahibləri o qədər də imkanlı deyillər. Ancaq efirdəki müğənnilərdən elələri var ki, əlifbanı üzündən oxuya bilmirlər. Belə müğənnilərin insanların son model avtomobilə sahib olmaları, ən gözəl ölkələri gəzib görmələri və s.-ni efirdə təfərrüatı ilə danışması uşaqlarda valideynə qarşı müəyyən fikir formalaşır. Valideynlərimiz bizdən nə istəyir?”
Vəfa Əkbər qeyd edir ki, uşaqlar bu zaman paradoks qarşısında qalır.
“Cəmiyyətdə savadlı biri olmaq yoxsa bu savadı bir kənara atıb pul qazanmaq. Və bu paradoks uşaq psixikasına olduqca mənfi təsir edir. Hətta deyərdim gənclərə və orta yaşlı insanlara da təsirsiz ötüşmür. Həmin insanların beynində bir fikir dolaşır “Mən illərlə təhsil alıb, müdafiə etmişəm, amma ictimai nəqliyyatdan istifadə edirəm, amma oxuma-yazma bilməyən müğənninin biri bahalı avtomobillərdə gəzir”. Bu da insanın psixoloji gərginliyinə səbəb olan başlıca amildir.
“Şou-biznes əhlinin öz mal-mülklərini qabartmaqla bir növ öz eyiblərinin üstünü örtürlər. Daim istirahət etdiyi ölkələri, evlərini, bahalı avtomobillərini reklam edən müğənni şübhəsiz ki, hansısı eyibini ört-basdır etmək istəyir. Yəni bu hansı qüsurdursa, özlərinə kompleks edirlər. Əvvəllər bu dərk edilmədən edilirdisə, hazırda bu dəb halını alıb. Mütaliə etmiş insanları belə danışarkən qətiyyən görməzsiniz. Mütaliəli insan daim sitat gətirərək danışır. Eyni zamanda yaşam tərzlərində də fərq çoxdur.”
Kamran Ədalətoğlu
Yenicag.az