Sülh danışıqlarının TBİLİSİ MODELİ: “Gürcüstan daha əvvəl də hazır olduğunu bəyan etmişdir”
“Ermənistan tərəfi bu prosesi ləngidir və sülh danışıqlarını süni şəkildə uzadır”.
Bu sözləri Yenicag.az-a Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov bildirib.
Millət vəkili bu gün Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Gürcüstan, Azərbaycan və Ermənistan XİN-nin üçtərəfli görüşünü şərh edib:
“Bildiyiniz kimi, bu gün Tbilisi şəhərində Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri müavinlərinin üçtərəfli görüşü keçirilir. Görüşün məqsədi üç ölkənin mövqelərini və baxışlarını paylaşmaq, eləcə də əməkdaşlıq perspektivlərini müzakirə etməkdir. Qeyd etmək lazımdır ki, bu format mövcud əməkdaşlıq mexanizmlərinə zidd deyil və onları əvəz etmir və üç qonşu ölkə arasında qarşılıqlı anlaşma və əməkdaşlığın qurulması üçün əlavə səyləri əks etdirir”.
Deputat qeyd edib ki, sülh müqaviləsinin imzalanması üçün bu Gürcüstanın ilk həmləsi deyil:
“Gürcüstan daha əvvəl də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün öz platformasını təqdim etməyə hazır olduğunu bəyan etmişdir. Eyni zamanda, Gürcüstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində verdiyi bəyanatda da Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanması arzusu ifadə olunmuşdur”.
G. Qəhrəmanov sonda Ermənistanın sülh müqaviləsini süni şəkildə yubatmağa çalışdığını diqqətə çatdırıb:
“Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycanın haqlı tələbinə əsasən, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarıldıqdan sonra sülh sazişinin imzalanması mümkün ola bilər. Təəssüf ki, Ermənistan tərəfi bu prosesi ləngidir və sülh danışıqlarını süni şəkildə uzadır”.