"Sülhün qarşısındakı əsas maneələrdən birinin Zelenski olduğu..." - Rusiya və ABŞ Ukraynda çevriliş edəcək?
“Bu dəyişikliklərdən sonra formalaşacaq yeni administrasiya həm ABŞ-nin istədiyi sülh danışıqları formatına, həm də Rusiyanı narazı salmayan çərçivəyə uyğun şəkildə qurulacaq”.
Bunu ABŞ və Rusiya arasında üzə çıxan gizli anlaşma planında Ukraynanın kənar saxlanmasının səbəblərindən danışan politoloq Əziz Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.
Politoloq bildirib ki, diqqətlə baxdıqda Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerovun, hətta Ukrayna Prezidenti Vladimir Zelenskinin komandasının bəzi üzvlərinin ölkədən kənara çıxmaq istəməməsi müəyyən suallar yaradır:
“Administrativ yanaşmaya əsasən, ABŞ Prezidenti Donald Tramp sülhün qarşısındakı əsas maneələrdən birinin Zelenski hakimiyyəti olduğunu hesab edir. Rəsmi şəkildə təsdiqlənmiş fakt olmasa da, daha çox ABŞ və Rusiyanın ortaq iradəsini ifadə edən yanaşma kimi təqdim olunur.
Görünən odur ki, komandanın hazırkı və sabiq üzvlərinin bir-bir oyundankənar vəziyyətdə qalması məhz bu proseslə bağlıdır. Yəni administrasiyada dəyişikliklərin ediləcəyi artıq aydındır. Bu dəyişikliklərdən sonra formalaşacaq yeni administrasiya isə həm ABŞ-nin istədiyi sülh danışıqları formatına, həm də Rusiyanı narazı salmayan çərçivəyə uyğun şəkildə qurulacaq”.
Nəsimi Ələsgərli












