Layihələrin çoxu COVID-19 pandemiyası ilə bağlı məsələləri əhatə edir.
“Dünyanın gündəmini və həyat ritimini qəfil dəyişən COVID-19 pandemiyasının ölkəmizin həyatında da nüfuz etmədiyi sahə yoxdur. Pandemiyaya qarşı mübarizə çərçivəsində tətbiq olunan karantin rejimi ilə əlaqədar insanların emosional durumu, psixoloji vəziyyətindən tutmuş dövlət qurumlarının iş rejiminə, qonşu ölkələrlə sərhəd-buraxılış postlarının fəaliyyətinə, ictimai nəqliyyatın çalışma qrafikinə qədər bütün sferalarda böyük dəyişikliklər müşahidə olunur.
Bu proses ölkənin vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının fəaliyyətindən də yan keçməyib. Ölkə QHT-ləri ötən 3 ayda koronavirusla mübarizə məqsədilə elan olunan karantin rejiminin imkanları çərçivəsində vətəndaşların gözlənilmədən həyatına daxil olan yeni şəraitlə bağlı maarifləndirilməsi, onlara sosial dəstəyin göstərilməsi, dövlətçiliyimizə qarşı qarayaxma kampanyasının növbəti mərhələsini başlamaq üçün cılız fürsət gözləyən anti-Azərbaycan dairələrə qarşı informasiya savaşının aparılması və digər sahələrdə fəal və çevik şəkildə fəaliyyət göstəriblər”.
Bu barədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib.
“Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin noyabırında 26 qurumla birgə qrant müsabiqəsi elan etmişdir. Bu qrant müsabiqəsinin nəticələri 2020-ci ilin mart ayında elan olundu. Müsabiqə qalibləri bəlli olduqdan az sonra isə Şura Katibliyi Novruz bayramı ilə bağlı qeyri-iş günlərinə görə işləmədi. Daha sonra isə Katiblik Nazirlər Kabinetinin qərarına uyğun olaraq karantin rejimi ilə əlaqədar məzuniyyətə çıxdı. Məzuniyyətdə olmasına baxmayaraq Şura Katibliyi davamlı fəaliyyət göstərmiş (qeyd olunan dövrdə Şuranın fəaliyyəti haqqında bu linkdəki məqalə vasitəsi ilə tanış ola bilərsiniz: https://azvision.az/…/-vetendas-cemiyyetinin-pandemiya-sina…; http://cssn.gov.az/news.php?id=3893&lang=az) və QHT-lərin prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin koronavirusla mübarizə tədbirlərində yaxından iştirakı təmin olunmuşdur.
Təbii ki COVID-19 infeksiyası ilə bağlı Şura Katibliyi işə çıxmadığından müsabiqə qalibi olan QHT-lərlə müqavilələr imzalanmamışdı. Mayın 31-dən etibarən isə Şura Katibliyi fəaliyyətə başlamış və qrant müsabiqəsinin qalibi olan QHT-lərlə qrant müqavilələrinin imzalanması üçün zəruri hazırlığa başlanmışdır. İndiyədək 216 QHT ilə qrant müqaviləsi imzalanıb. Şura iyunun 2-dən başlayaraq QHT-lərlə qrant müqavilələrini heç bir canlı təmas olmadan elektron qaydada imzalayır. Məlumat üçün bildirək ki, SƏLİS müqavilə ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur.
Hazırda QHT-lərlə SƏLİS müqavilələrin imzalanması prosesi davam etməkdədir. Bu proses yaxın vaxtlarda başa çatacaq və QHT-lər layihələrin icrasına başlayacaqlar.
Bildiyimiz kimi 21 iyun – 5 iyul 2020-ci il tarixlərində Bakı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəran, Yevlax, Cəlilabad və Masallıda ciddi karantin rejimi, xüsusi məhdudiyyətlər tətbiq olunacaq. Şura bununla əlaqədar bütün QHT-ləri vətəndaşlar arasında karantin rejiminin tələblərinə əməl edilməsinin vacibliyi ilə bağlı aktiv maarifləndirmə işini, həmçinin, sosial cəhətdən yardıma ehtiyacı olan vətəndaşlara yardım göstərilməsini davam etdirməyə çağırır”,- E.Behbud əlavə edib.
www.yenicag.az