“Suriyadakı hadisələr Ukraynaya olmasa da Cənubi Qafqaza təsir edəcək”.
Bunu Yenicag.az-a açıqlamasında dünyada qarışan geosiyasi proseslər fonunda baş verə biləcək hadisələrdən danışan politoloq Vəli Əlibəyov deyib.
Onun sözlərinə görə, Cənubi Koreyada baş verənlər iqtisadi inkişafından asılı olmayaraq hər dövlətin daxilində müxtəlif qüvvələrə çalışanların olduğunu bir daha sübut etdi:
“Bu isə həmin dövlətə qarşı lazımlı anda istifadə edilən təzyiq alətidir. Suriyadakı proseslərin isə qısa müddətə “həll edilməsi” sanki Rusiya ilə razılığın əldə olunduğuna işarə edir. Belə ki, Rusiyanın Suriya müqabilində nə isə götürəcəyi düşünülür. Əgər bu kimi razılıq əldə edilibsə, yəqin ki, Rusiyaya Cənubi Qafqazda qalmaq vəd edilib. Gələcəkdə isə Gürcüstanda mitinqlərin səngiməsini və yenidən Rusiyanın orbitinə qayıtması müşahidə edilə bilər”.
“Eyni zamanda, Ermənistanda hakimiyyət dəyişikliyinin olması və Rusiyameylli şəxsin başa keçməsi real görünür. Yaxud hazırkı Paşinyan hakimiyyətinin yenidən Rusiyaya istiqamətlənməsi görülə bilər. NATO və ümumilikdə, Qərbin Kiyevə bu həftə ayırdığı yardımlar isə Ukraynada Qərbin geri çəkilməyəcəyini deməyə əsas verir. Onlar müharibənin bitməsində, Rusiyanın qalib olmasında maraqlı deyil. Bir sözlə, Suriyadakı hadisələr Ukraynaya olmasa da Cənubi Qafqaza təsir edəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az