Suriya İsrailə qarşı Türkiyədən KÖMƏK İSTƏDİ – Gözlənilməz ittifaq YARANIR?
“Türkiyənin Suriyaya görə İsraillə müharibə etməsi mürəkkəb məsələdir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert, jurnalist Kənan Rövşənoğlu bildirib.
K. Rövşənoğlu Suriyanın Türkiyədən hərbi yardım istəməsini, eləcə də Türkiyənin Suriyada İsraillə mümkün qarşıdurma ehtimalını şərh edib:
“Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Suriya dövləti rəsmi olaraq Türkiyədən hərbi yardım istəyib. Müdafiə Nazirliyinin məlumatına görə, Suriya hakimiyyəti Türkiyədə hərbi ehtiyacların qarşılanması, habelə İŞİD başda olmaqla bütün terror təşkilatları ilə mübarizə üçün Türkiyədən hərbi yardım istəyib. Türkiyə tərəfi Suriyanın hərbi ehtiyaclarının təmin olunması, təlimatçı və texniki dəstək istiqamətində Suriyaya dəstək verdiyi bildirilir. Türkiyə Suriya ordusunun yenidən qurulması və silahlanmasına dəstək verəcək. Bu hərbi razılaşmanın açıq mətnidir”.
Ekspert Türkiyənin Suriyada İsraillə müharibə etməsini inandırıcı görmür:
“Türkiyənin Suriyaya görə İsraillə müharibə etməsi bir qədər mürəkkəb məsələdir. Doğrudur, xarici işlər naziri Hakan Fidan deyib ki, Suriyada İsrailin fəaliyyətlərini Türkiyəni narahat edir və Ankara müdaxilə edə bilər. Lakin hətta Türkiyə ilə Suriya arasında qarşılıqlı hərbi yardım haqqında saziş olsa belə, NATO üzvü Türkiyənin İsraillə müharibə etməsi ehtimalı real deyil. Çünki İsrailin əsas müttəfiqi ABŞ-dır və ABŞ Türkiyənin İsrailə qarşı hərbi əməliyyatına razılıq verməz. Türkiyə ən yaxşı halda İsrailə qarşı Suriya ordusunu hazırlaya və təchiz edə bilər. Ancaq birbaşa qarşıdurma nə İsrailin, nə də Türkiyənin maraqlarına cavab vermir”.
Analitik bu qarşıdurmanın mümkün olmamasının səbəblərindən biri kimi hər iki dövlətin ABŞ ilə müttəfiq olmasında görür:
“Hər ikisinin müttəfiqi ABŞ-nin strateji maraqlarına isə ümumiyyətlə, ziddir. Bu mənada açıq qarşıdurma gözləmirəm, amma düşünürəm ki, İsrailin də narahatlığı ondan ibarətdir ki, Türkiyə Suriya ordusunu İsrailə qarşı müharibə üçün hazırlaya bilər. Bunu əslində İsrail rəhbərliyi gizləmir”.
Nurlan Cəfəri