Suriyada yenidən baş qaldıran etnik qarşıdurmalar: "Digər ərazilərə yayılma ehtimalı yüksəkdir"
“Atəşkəsin pozulması Suriyada yeni humanitar və təhlükəsizlik böhranına yol aça bilər”.
Bu fikirləri Suriyanın Əs-Suveyda bölgəsində yaşayan druzlarla mərkəzi hökumət arasında imzalanan atəşkəs anlaşmasının pozulmasının bölgədə yol aça biləcəyi qarşıdurmalar barədə danışan politoloq Züriyə Qarayeva Yenicag.az-a açıqlamasında deyib.
Politoloq qarşıdurmalar davam edəcəyi halda, Suriyada humanitar və təhlükəsizlik böhranının qaçılmaz olduğunu diqqətə çatdırıb:
“Əldə olunmuş atəşkəs Suriyanın cənubundakı Əs-Suveyda vilayətində bir neçə gündür, davam edən qarşıdurmalara son qoymaq məqsədi daşıyırdı. Buradakı gərginlik, əsasən, yerli druz icması ilə bölgəyə yaxın bəzi ərəb qəbilələri arasında baş verən toqquşmalardan qaynaqlanır. Mübahisənin kökündə torpaq və təsərrüfat resursları üzərində nəzarət, qaçaqmalçılıq yolları, həmçinin bölgədə təhlükəsizlik boşluğunun olması dayanır. Suveyda, əsasən, druz əhalisinin yaşadığı və rəsmi Dəməşqə qarşı nisbətən müstəqil mövqeyi ilə tanınan bir vilayətdir.
Atəşkəsin pozulması və bu gün ərəb qəbilələrinin yenidən şəhər ətrafını atəşə tutması bölgədəki köklü problemlərin hələ də həll olunmadığını göstərir. Əsas problem tərəflər arasında davamlı etimadın qurulmaması və mərkəzi hökumətin effektiv nəzarət mexanizmlərinin zəifliyidir. Bu gün baş verən döyüşlər, atəşkəsin formal xarakter daşıdığını və qarşıdurma tərəflərinin hər an mövcud gərginliyi silahlı qarşıdurmaya çevirə biləcəyini nümayiş etdirir.
Hadisələrin davam etməsi, Suriyanın cənubundakı sabitliyi ciddi şəkildə təhdid edir. Bu bölgə həm strateji mövqeyinə görə, həm də sərhəd ticarəti və logistika yollarına yaxınlığı baxımından əhəmiyyətlidir. Əgər beynəlxalq və regional vasitəçilər daha fəal şəkildə müdaxilə etməsələr, Suveyda ətrafında zorakılığın genişlənməsi və digər ərazilərə yayılması ehtimalı yüksəkdir. Bu isə həm yerli icmalar, həm də bütövlükdə Suriya üçün yeni humanitar və təhlükəsizlik böhranı deməkdir.”
Nurlan Cəfəri