Suriyada 2011-ci ildən davam edən silahlı qarşıdurma zamanı 717 media nümayəndəsi həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Şəbəkəsinin (SNHR) insan haqları təşkilatının hesabatında deyilir.
Təşkilatın məlumatına görə, öldürülənlər arasında 6 qadın və 9 əcnəbi jurnalist var.
Məlumata görə, təkcə Suriyada Bəşər Əsəd rejiminin hərbçiləri və iranpərəst xarici terrorçu qrupların əli ilə beşi əcnəbi və biri qadın olmaqla 554 jurnalist öldürülüb.
24 jurnalist Rusiya Aerokosmik Qüvvələrinin zərbələrinin qurbanı olub.
Suriyada gedən vətəndaş müharibəsi zamanı İŞİD terror təşkilatının silahlıları 3-ü əcnəbi, 2-si qadın olmaqla 64 mətbuat işçisini qətlə yetirib.
Suriyada YPG terrorçularının (PKK-nın Suriya qanadı) əli ilə 3-ü qadın olmaqla 4 jurnalist öldürülüb.
Silahlı müxalifətin aksiyaları nəticəsində 3-ü qadın olmaqla 34 jurnalist öldürülüb.
Biri əcnəbi olmaqla 36 media işçisi naməlum şəxslər tərəfindən öldürülüb.
Suriyada müharibə başlayandan indiyədək 9-u qadın, 17-si əcnəbi olmaqla 486 jurnalist qanunsuz həbs edilib.
Silahlı qarşıdurmanın qurbanları arasında “Anadolu” Agentliyinə xidmət göstərən 4 jurnalist də var.
“Anadolu”nun ştatdankənar müxbiri 22 yaşlı Enes Diyab 21 iyul 2019-cu ildə İdlibdə Rusiyanın hava hücumu nəticəsində həlak olub.
“Anadolu”nun Hələbdəki müxbiri Saleh Mahmud Leyla 2015-ci ildə DAEŞ yaraqlıları tərəfindən avtomobilin partladılması nəticəsində öldürülüb.
Suriyanın şimal-qərbindəki İdlib əyalətində agentlik üçün çəkiliş aparan müstəqil fotoqraf Vasim əl-Adil 23 sentyabr 2015-ci ildə Rusiya Aerokosmik Qüvvələrinin Binin şəhərinə hücumu zamanı aldığı qəlpə yaralarından dünyasını dəyişib.
“Anadolu”nun ştatdankənar müxbiri Məcid Dirani 2016-cı il fevralın 19-da Dəməşqin ətrafı Dareyada öldürülüb. 21 yaşlı jurnalist Bəşər Əsəd rejimi qüvvələrinin hücumunu işıqlandırarkən qəlpələrdən ölümcül yaralanıb.
www.yenicag.az