13 dekabr 2024-cü il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illik yubileyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq sərgi-müsabiqəsinə yekun vurulub.
Xalq rəssamı Səttar Bəhlulzadənin yubileyinə həsr olunan sərgi-müsabiqə dahi sənətkarın əziz xatirəsini yad etmək, istedadlı gənclərimizin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyıb.
Azərbaycan Rəssamlar İttifaqında keçirilən sərgi-müsabiqənin mükafatlandırma mərasimində çıxış edən Mədəniyyət nazirinin müşaviri, Əməkdar İncəsənət xadimi Cahangir Səlimxanov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Gülşən Qəribli bütün iştirakçıları təbrik edib, müsabiqənin əhəmiyyətindən bəhs edərək qaliblərə mükafatlarını təqdim ediblər.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun sədrliyi ilə Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın daxil olduğu mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən Nərmin Abdullayeva I yerə, Röya Həsənova II yerə, Elçin Hüseyn III yerə layiq görülüb.
Bütün qaliblərə pul mükafatı və diplomlar, müsabiqədə əsərləri fərqlənən iştirakçılara Fəxri fərman, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.
“Tablolarda nağıllar” sərgi-müsabiqəsinin kuratoru Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas Dürdanə Qurbanovadır.
www.yenicag.az