Tanınmış aktrisa: “Bu qərar vətəndaşların büdcəsinə böyük ziyan vurdu”

“Anlayıram, yoluxmanın qarşısını almaq üçün bu addım atıldı, amma bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması ilə bağlı verilən qərar vətəndaşların büdcəsinə böyük ziyan vurdu”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib.

Aktrisa taksilərin süni şəkildə qiymətləri qaldırdığını da bildirib:

“Mən özüm bir şəhərdən digərinə gedirəm, iş fəaliyyətim davam edir və məcburam gündəlik taksilərdən istifadə edim.
Bu da büdcəmə çox mənfi təsir göstərdi. Bir yandan da taksilər qiyməti qaldırdı.
Üstəgəl də metro işləmir. Yaxşı olardı ki, bayram günlərində bu da nəzərə alınaydı”.

Aktrisa bildirib ki, adi günlərdə də ictimai nəqliyyata nəzarət gücləndirilməlidir:

“Elə adi günlərdə avtobusların işinə nəzarət olunmalıdı. Hər kəs işə gedib-gəlir, elə mən də ictimai nəqliyyatdan istifadə edirəm. Yolarda sıxlıq üzündən avtobuslar arasında interval düzgün seçilmir, içi mən qarışıq dayanacaqlarda adam əlindən tərpənmək olmur, hamımız doluşuruq avtobuslara. Bu da virusun yayılması deməkdir. Hamı bir-birinin ağzındadır, hamımız virus mənbəyiyik. Buna nəzarət edən yoxdur, amma bayram günləri nəzarəti gücləndirirlər. İntervalı artırmaq, avtobusların sayını çoxaltmaqla bu işə nəzarət etmək olar, amma etmirlər”.

Cəvahir

COP29