Noxud boyda qurbağa KƏŞF EDİLDİ: Braziliya prezidentinin adı verildi
Bioloqlar Braziliyanın Atlantik meşələrindəki Serra do Quiriri dağ silsiləsinin bulud meşələrində, yalnız bir noxud boyda olan və əvvəllər elmə məlum olmayan, Brachycephalus cinsinə aid tamamilə yeni bir “balqabaq qurbağası” növü kəşf ediblər.

Yenicag.az xəbər verir ki, “Misilsiz cütləşmə” səsi sayəsində tapılan bu növ, Braziliya Prezidenti Luiz Inácio Lula da Silva’nın adı ilə elm dünyasına təqdim edilib. Bunun səbəbi isə kəşfin, regionun həssas yaşayış yerlərinin qorunması çağırışlarını gücləndirməsi kimi göstərilir.

Elm adamlarının açıqlamasına görə, növün erkəkləri 8.9 mm-dən 11.3 mm-ə qədər, dişilər isə adətən erkəklərdən daha böyük olub, təxminən 11.7 mm-dən 13.4 mm-ə qədər uzunluğa çatır.
Alimlər, bu nümunəni bölgədə məlum olan digər Brachycephalus növlərindən fərqlənən misilsiz cütləşmə mahnısı sayəsində kəşf ediblər. İki qısa səs dalğası qrupundan ibarət olan bu çağırış, tədqiqatçıları qurbağanın olduğu yerə yönəldib. Nəmli yarpaq töküntülərində yaşayan miniatür qurbağalar qrupuna aid olan bu növ, canlı rəngləri, genetik və anatomik xüsusiyyətləri ilə yaxınlıqdakı qohum qurbağalardan asanlıqla seçilir.

Elm adamları, bu qurbağanın qohumlarından fərqli olduğundan əmin olmaq üçün DNT analizi və skelet quruluşunu araşdıran KT taramaları kimi bir sıra vasitə və texnikalardan istifadə ediblər. Tədqiqatçılar, “Bu işin nəticəsi olaraq, Serra do Quiriri’nin şərq yamacında toplanmış bir populyasiyanı, müxtəlif diaqnostik xüsusiyyətlərə əsaslanaraq yeni bir növ kimi müəyyən etdik” ifadələrini işlədiblər.
Brachycephalus növləri, yalnız kiçik və məhdud bir ərazidə tapıldıqdan ötəri “mikroendemik” canlılar hesab edilir və buna görə də yox olma təhlükəsi ilə üzləşirlər. B. lulai isə yalnız bir neçə kvadrat kilometrlik bir sahədə, yüksək ərazidəki Atlantik Meşəsində yaşayır. Yeni kəşf, bu regionun kövrək ekosistemləri üçün daha güclü qoruma tədbirlərinə ehtiyac olduğunu bir daha vurğulayır.

Elm adamları, yeni bir növə ad verməklə, “bütövlükdə Atlantik Meşəsinin və xüsusilə Braziliyanın yüksək endemik miniatür qurbağalarının qorunmasına yönəlmiş təşəbbüslərin genişləndirilməsini təşviq etməyi hədəflədiklərini” əlavə ediblər.
Yenicag.az












