Bakı Yeni ilə hazırlaşır
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Yenicag.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, artıq şəhərin parkları, meydan və küçələrinin bəzədilməsi, burada Yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir.
Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayramla bağlı bəzədilir.
“Azneft” dairəsində isə yeni il şam ağacı kompleksi yaradılıb.
Həmçinin Mərkəzi park və metronun “Gənclik” stansiyası yaxınlığındakı keçmiş “Antena” sahəsi kimi tanınan parklarda da gözəl şəkildə bəzədilmiş şam ağacları quraşdırılır.
Bundan əlavə, paytaxt rayonlarının bir çox mərkəzi və onlara bitişik küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.












