!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təhlükəsizlik və Sərhəd xidmətləri arasında qarşıdurma yoxdur” – Bir əməliyyatın əks-sədası

!Reklam – Yazi

“Bu barədə məlumatın DTX-nın İctimai Əlaqələr Şöbəsi tərəfindən açıqlanması daha doğru və effektlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının bir neçə gün əvvəl Bakı Beynəlxalq Hava Limanında keçirtdiyi “rüşvət əməliyyatı”na münasibət bildirən sabiq təhlükəsizlik zabiti İlham İsmayıl deyib.

İlham İsmayıl

Qeyd edək ki, DTX-nın İctimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, bu il yanvarın 26-da keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin Beynəlxalq Hava Limanındakı Viza şöbəsinin 3-cü katibi Elton Zakir oğlu Xəlillinin qanunsuz əməlləri ifşa edilərək saxlanılıb.

Həmçinin, dövlət sərhəd nəzarəti prosedurlarında heç bir rüsum ödənilmədiyi halda, ölkəyə daxil olan xarici ölkə vətəndaşlarından əsassız olaraq müxtəlif məbləğlərdə pul almış Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin Beynəlxalq Hava Limanında zabit nəzarətçisi baş leytenant Lətif Fərhad oğlu Zeynalov və nəzarətçi gizir Zaur Taleh oğlu Qasımlının qanunsuz əməlləri ifşa edilərək cinayət başında ələ keçiblər.

Keçirilmiş əməliyyat öz miqyasına görə lokal xarakter daşısa da, məsələdə iki dövlət qurumunun – Xarici İşlər Nazirliyi (XİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) adlarının hallanması bəzi mülahizələrin irəli sürülməsinə səbəb olub.

İddialara görə, DTX-nın bu “rüşvət əməliyyatı”nı ictimailəşdirməsində məqsəd adları çəkilən o iki qurumun və onların rəhbərlərinin nüfuzuna zərbə vurmaq olub. Bu ehtimal onunla əsaslandırılır ki, DTX və DSX arasında ziddiyyətlər olmasaydı, belə kiçik miqyaslı əməliyyat haqqında məlumatın ictimailəşdirilməsinə də ehtiyac qalmazdı.

Bəhs olunan əməliyyatdan danışan ekspertin fikrincə, o barədə məlumatın yayılması doğru addımdır:

“Həqiqətən, bu, elə miqyaslı bir hadisə olmasa da, hadisənin xarici vətəndaşlarla bağlılığı məsələnin əhəmiyyətini artırır. Yəni ortada ölkənin imici məsələsi olduğu üçün bu məsələ ictimailəşdirildi.

Burada bir məqama toxunmaq da lazım gəlir. Əvvəllər xüsusi xidmət orqanlarının həyata keçirtdiyi işlər açıqlanmazdı. İndi isə bu praktika bütün dünyada yayılıb – keçirilən xüsusi əməliyyatlar haqqında geniş məlumatlar verilir.

Yenə deyirəm, DTX-nın hava limanında keçirtdiyi əməliyyat lokal miqyaslı olsa da, o barədə informasiyanın yayılması lazım idi. Burada DTX-nın özünüreklam niyyəti yoxdur.

Həmin əməliyyatla bağlı xəbərin başqa mənbələrdən, həm də nisbətən təhrif olunmuş formada yayılmasındansa, DTX-nın İctimai Əlaqələr Şöbəsi tərəfindən açıqlanması daha doğru və effektlidir.

Bilirsiz, bəzən elə hadisələr olur ki, o barədə rəsmi mənbələrdən heç bir məlumat verilmir, mətbuat xidmətləri susurlar və bu da xeyli söz-söhbət doğurur, yanlış şərhlərin verilməsinə səbəb olur. Ona görə də bu əməliyyat haqqında xəbərin ictimailəşməsi müsbət qiymətləndirilməlidir”.

İlham İsmayılın fikrincə, haqqında danışılan əməliyyatın keçirilməsi və o barədə məlumatın yayılması DTX və Dövlət Sərhəd Xidməti arasında qarşıdurmanın mövcudluğunu söyləməyə əsas vermir:

“Bildiyimə görə indi bu qurumlar arasında hər hansı ziddiyyət, problem yoxdur. Ancaq etiraf edək ki, bir vaxtlar, hətta mən işlədiyim dövrdə də belə problemlər mövcud idi, bir-birinə zidd addımlar atılırdı.

Ancaq mənə belə gəlir ki, məsələ aşkara çıxdıqdan sonra həmin əməliyyat bu çərçivədə səlahiyyətləri daha geniş olan DTX tərəfindən həyata keçirilib. Yəni bu qurumlar arasında qarşıdurma yoxdur”.

A. Zeynalov

COP29

www.yenicag.az

2845
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv