Tələbləri pozan kafenin fəaliyyəti məhdudlaşdırıldı
Naxçıvanda normativ tələbləri pozan kafenin fəaliyyəti məhdudlaşdırılıb.
Yenicag.az-ın məlumatına görə, Babək rayon Gülşənabad kəndində fəaliyyət göstərən Zeynalov Məhərrəm Abbasəli oğluna məxsus “Körpü” kafesində Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub.
Belə ki, qida obyektində sanitar gigiyenik qaydalara əməl olunmadığı, istifadə olunan alət və avadanlıqların təmiz saxlanılmadığı, ətin müvafiq müşahidəedici sənədlərinin təqdim edilmədiyi, mal qonşuluğu prinsipinə əməl olunmadığı, işçilərin dövri tibbi müayinələrə cəlb olunmadığı və şəxsi gigiyena qaydalarına əməl etmədiyi və digər nöqsanlar aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanların aradan qaldırılması təmin olunana qədər kafenin fəaliyyəti məhdudlaşdırılıb.