Tərcüməçilərin elektron bazası yaradılacaq
Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası dekabr ayının 7-dən başlayaraq yeni üzvlərin qəbulu və yeni üzvlərlə birlikdə cari üzvlərinin akkreditasiyası prosesinə başlayacaq.
Assosiasiyadan daxi olan məlumata görə, yeni üzvlərin qəbulu iki mərhələdə keçiriləcək. İlkin mərhələdə 18-30 yaşlı gənc tərcüməçilər, sonrakı mərhələdə isə 30 yaşdan yuxarı tərcüməçilərin akkreditasiyası həyata keçiriləcək.
Peşəkarlıq dərəcəsindən asılı olaraq, tərcüməçilər 3 kateqoriya (A, B, C) üzrə təsnif ediləcək və hər kateqoriyada tərcümənin şifahi-ardıcıl, şifahi-sinxron və yazılı tərcümə qollarından biri və ya bir neçəsi üzrə akkreditə olunacaqlar.
Akkreditasiyadan keçməyən tərcüməçilər də kənarda qalmayacaq, müşahidəçi üzv kimi qeydiyyata düşəcək və müəyyən edilmiş aralıqdan sonra təkrar imtahan verərək akkreditə oluna bilərlər. Sonrakı müraciət yalnız ilk müraciətdən bir il sonra edilə bilər.
Akkreditasiyadan keçmiş istifadəçilər haqqında məlumatlar həm də təşkilatın saytında yerləşdiriləcək elektron bazaya daxil ediləcək. Bu yolla, işəgötürənlər və sifarişçilər tərcüməçilərlə birbaşa əlaqə saxlaya biləcək, eyni zamanda hər hansı tərcüməçinin AGTA tərəfindən akkreditə olunub-olunmadığını öyrənə biləcəklər.
Prosesin ilkin mərhələsinin qarşıdakı ilin fevral ayına qədər davam etməsi planlaşdırılır.
Qeyd edək ki, AGTA 2014-cü ilin avqust ayından Beynəlxalq Tərcüməçilər Federasiyasının tamhüquqlu üzvüdür. (qafqazinfo.az)