Təsisçi ilə yaratdığı hüquqi şəxsin vergi öhdəlikləri nədən ibarətdir?

Təsisçi yaratdığı hüquqi şəxsə – MMC-yə verdiyi borcu müəyyən müddətdən sonra geri aldıqda, təsisçi və müəssisənin ayrı-ayrılıqda vergi öhdəlikləri nədən ibarətdir?

Dövlət Vergi Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a suala cavab olaraq bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə, vergilərin hesablanması zamanı bazar qiymətləri nəzərə alınır.
Buna əsasən, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda, müəssisə tərəfindən vergiödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir. Hər iki tərəf
vergiödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə mümkündür.