TikTok-da Novruz dadları: Yaradıcıların bayram reseptləri
TikTok-da Novruz dadları: Yaradıcıların bayram reseptləri
Azərbaycan xalqının əsrlər boyu coşqu ilə qeyd etdiyi bayramlardan biri Novruzdur. Yazın gəlişi, təbiətin oyanışı və həyatın canlanması insanlarda bayram əhval-ruhiyyəsi yaradır. Bu möhtəşəm bayram, xüsusilə milli mətbəximizin dadlı şirniyyatları və yeməkləri ilə süfrələri zənginləşdirir. Novruzun ənənələri, xüsusilə TikTok kimi rəqəmsal platformalarda böyük maraq doğurur. Yaradıcılar, mətbəx sirlərini izləyiciləri ilə paylaşaraq, həm dadlı Novruz şirniyyatları, həm də xüsusi yeməklər hazırlamağın qaydasını göstərirlər. TikTok-da yayımlanan bu faydalı və ilhamverici videolar, izləyicilərə Novruz süfrəsini necə daha rəngarəng və dadlı etmək barədə praktiki məsləhətlər təqdim edir.
Bu platformada bayramın ruhunu yaşadan maraqlı və faydalı məzmunlar təqdim edən çoxsaylı yaradıcılar var. Onlar hazırladıqları videolar vasitəsilə Novruzun əsrlər boyu formalaşmış mətbəx ənənələrini, süfrə mədəniyyətini və ailə dəyərlərini izləyicilərə təqdim edirlər. Səməni cücərdilməsi, bayram şirniyyatlarının hazırlanması, xonçanın bəzədilməsi kimi adətlər bu kontentlərdə təkcə resept kimi deyil, həm də Azərbaycan xalqının zəngin mədəni irsinin bir hissəsi kimi nümayiş olunur.
Biz də bu yazıda həmin yaradıcıların bir neçəsini təqdim edirik ki, siz Novruzun kulinariya ənənələrini daha yaxından tanıya, bu qədim bayramın mətbəx mədəniyyətini kəşf edə və bayram süfrənizi Azərbaycan ənənələrinə uyğun şəkildə daha da zənginləşdirə biləsiniz.
Milyonların İzlədiyi Şəkərbura Resepti: @ esya_mustafazadeh
Esya Mustafazadə TikTok platformasında yemək sahəsi üzrə kontent yaradıcısıdır. O, maraqlı və qeyri-adi təamların hazırlanma prosesini izləyiciləri ilə paylaşaraq, həm də Novruz bayramının mətbəx ənənələrini virtual aləmdə canlandırır. Son 5-6 kontentində, bu xanım Novruz şirniyyatlarının hazırlanmasına və süfrə bəzədilməsinə həsr olunmuş videolar təqdim edib.
Onun məzmunlarının birində şəkərburanın necə hazırlanmasını addım-addım nümayiş etdirir. Bütün xırda detalları ilə təqdim edilən kontent, izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və onların pozitiv geridönüşlərinə səbəb olub. Hətta bəziləri bu Novruzdan etibarən şəkərbura hazırlamağa qərar verdiklərini bildiriblər. 1 milyon izlənmə ilə məşhurlaşan videonun şərh bölməsində, xanımlar özlərinin hazırladıqları digər üsulları da həmcinsləri ilə tövsiyə xarakterli olaraq bölüşüblər.
Paxlavanın Kəsim Sirrini öyrədən – @meduzaninmetbexi
Növbəti yemək sahəsi üzrə kontent yaradıcısı Novruz bayramı ərəfəsində hazırladığı videolarla izləyicilərinin marağını cəlb edir. Bu videoda o, paxlavanın hazırlanma prosesini addım-addım TikTok istifadəçilərinə təqdim edir. Paxlavanın hazırlanması bir neçə mərhələdən ibarətdir və kontent yaradıcısı, paxlavanın kəsimi və milli mətbəximizə xas olan o ləziz görünüşün sirrini izləyiciləri ilə paylaşır.
Videonun açıqlama bölməsində xanım, xüsusilə özünün ənənəvi üsulundan bəhs edərək, bu üsulun necə uğurlu olduğunu izləyicilərinə izah edib. Bu məqam xanımların diqqətini çəkməkdə böyük rol oynayıb və videonun izlənmə sayını artırıb.
Novruzun yaxınlaşması ilə əlaqədar olaraq, yaradıcının son bir neçə videosu da bayram süfrələrinin digər bəzəkləri, şəkərçörəyi və kətə kimi ənənəvi şirniyyatların hazırlanmasına həsr olunub. Milli mətbəximizin zəngin təamları haqqında məlumatlı olmaq, izləyicilər üçün faydalı kontent hazırlamaq baxımından uğurlu bir addım olaraq qiymətləndirilir. Bu cür videolar, həm Novruzun ənənələrini yaşadır, həm də izləyicilərə bayram süfrələrini daha zəngin və ləzzətli etmək üçün praktik məsləhətlər verir.
Bayram menyusunu onunla hazırla: @ yemeksevgisii
İzləyiciləri ilə paxlava reseptini paylaşan daha bir yaradıcı, TikTok platformasında “Yemək Sevgisi” adı altında kifayət qədər izləyici toplamağı bacarıb. O, rəqəmsal platformada aktiv izləyici kütləsi ilə Novruz bayramı ərəfəsində paxlavanın hazırlanma prosesini bölüşüb. O, iddia edir ki, ən dadlı və ətirli paxlavanı məhz təqdim etdiyi bu reseptlə hazırlamaq olar. Verilən reseptlə yumşaq tərkibli paxlavanın hazırlanmasını vəd edən yaradıcı, izləyicilərinin suallarına cavab verərək videonun informativliyini də artırıb.
Novruz süfrəsinin bəzəyi – tonqal formasında dadlı salat: @ gulinaryy
“Qızıl Şah” kulinariya çempionu və “pastry chef” Gülnar Qənbərova hesabında yalnız Novruz şirniyyatları hazırlamaqla kifayətlənmir. O, həm də bayram süfrəsi üçün Novruz mövzulu elementlərlə bəzədilmiş salatlar hazırlayır. Bu yaradıcılıq yanaşması izləyicilərə sadəcə şirniyyatlar haqqında deyil, həm də bayram süfrəsini estetik baxımdan necə zənginləşdirə biləcəkləri barədə faydalı məsləhətlər verir. Gülnar, Novruz bayramına qədər izləyiciləri ilə 10 müxtəlif salat resepti paylaşacağını bildirir. Həmçinin, TikTok-da məşhurlaşan “challenge”-lərin təamlara əlavə olunması da bu kontentin maraqlı tərəflərindəndir.
Novruz süfrəsi yalnız dadlı təamlarla deyil, həm də estetik zövqlə bəzədilmiş süfrə mədəniyyəti ilə seçilir. Bərəkətli süfrələrdə tonqal, paxlava və səməni formasında hazırlanan, bayramın rəmzlərini vizual olaraq canlandıran rəngarəng salatlar xüsusi bir ab-hava yaradır. TikTok-da təqdim edilən bu cür yaradıcı təqdimatlar milli mətbəximizin zənginliyini müasir yanaşmalarla birləşdirərək, bayram şənliklərini daha da unudulmaz edir.
Nəticə etibarilə, Novruz ənənələrimiz müasir dövrün rəqəmsal trendləri ilə birləşərək yeni və maraqlı bir müstəviyə qədəm qoyur. TikTok kimi rəqəmsal platformalar, milli mətbəximizin incəliklərini bütün detalları ilə geniş auditoriyaya çatdırmaqda mühüm rol oynayır. Bu cür faydalı kontentlər yalnız bayram hazırlıqlarını asanlaşdırmaqla kifayətlənmir, həm də nəsillər arasında milli dəyərlərimizin təbliğini və onlara olan marağı artırır. Rəqəmsal dünyada yaradılan bu bayram abu-havası, mətbəx sirlərinin paylaşıldıqca dəyər qazandığını və Novruzun zamanın tələblərinə uyğun şəkildə yeniləndiyini bir daha sübut edir. Beləliklə, TikTok və digər rəqəmsal platformalar, Novruz ənənələrini daha geniş və müxtəlif kütlələrə tanıdaraq, bayram şənliklərini daha da unudulmaz edir.













