“Uzunmüddətli tıxaclarda tək qalmaq, sosial təmasların azalması tənhalıq və narahatlıq hissini gücləndirə bilər”.
Bu fikirləri yenicag.az-a açıqlamasında tıxac, sıxlıq kimi problemlərin insan psixologiyasına olan təsiri barədə danışan psixoloq Zeynəb Eyyubova deyib.
Onun sözlərinə görə, tıxaclar və ictimai nəqliyyatda olan sıxlıq insanlar arasında çox geniş yayılmış bir narahatlıq mənbəyidir.
“Əsasən tədris ilinin başlaması ilə bu vəziyyət daha da pisləşir və insanların gündəlik fəaliyyətinə birbaşa təsir göstərir. Bu stressin səbəbləri arasında vaxtında lazımi yerə çata bilməmək, yolda uzun müddət gözləmək və hərəkət məhdudiyyətləri başlıca rol oynayır. Bu cür vəziyyətlərin insana psixoloji təsiri olur. Gündəlik tıxaclar və sıxlıq insanlarda stress hormonu olan kortizolun səviyyəsini artırır. Bu, gündəlik işə və ya məktəbə vaxtında çatmamaq narahatlığından, yolda keçirdikləri vaxtın uzanmasından qaynaqlanır”, – deyə o əlavə edib.
Z.Əyyubova bildirib ki, gecikmələrin təkrarlanması gərginliyə səbəb olur və insanlar arasında qıcıqlanmanı artırır.
“İctimai nəqliyyatdakı sıxlıq bəzən insanlarda sosial gərginlik və aqressiya hisslərini oyadır. Uzun müddətli tıxaclarda tək qalmaq, sosial təmasların azalması tənhalıq və narahatlıq hissini gücləndirə bilər. Bu xüsusilə, sıx iş və sosial qrafiklərə malik insanlar üçün mənfi təsir yaradır. Bu cür psixoloji təzyiq iş məhsuldarlığını azalda bilər. Vaxtında işə çata bilməmək və ya yolda keçirdiyi uzun vaxt insanın iş qabiliyyətinə və yaradıcılığına mənfi təsir göstərir. Daima yüksək səviyyəli stress və gərginlik, gələcəkdə ürək-damar xəstəlikləri, depressiya, narahatlıq pozğunluğu kimi problemlərə səbəb ola bilər”, – deyə o vurğulayıb.
Z.Eyyubova qeyd edib ki, insanlar öz qrafiklərini sıx yolları və tıxacları nəzərə alaraq düzəltməlidirlər.
“Bunun üçün daha erkən yola çıxmaq və ya alternativ yolları istifadə etmək faydalıdır. Tıxacda və sıxlıqda ikən qısa tənəffüs texnikalarından istifadə etmək sinir sistemini sakitləşdirir və gərginliyi azaldır. Meditasiya və mindfulness texnikaları stressin idarə olunmasında faydalıdır. Yolda qulaqcıqla musiqi dinləmək və ya audio kitablar dinləmək insanın diqqətini stress mənbələrindən yayındıra və daha pozitiv bir ruh halı yarada bilər. Hər dəfə gecikmənin yaratdığı mənfi təsirləri azaltmaq üçün hadisələrə daha müsbət bir baxış tərzi ilə yanaşmaq lazımdır. Bu cür vəziyyətlərin insan psixikasına mənfi təsirləri nə qədər böyük olsa da, düzgün idarəetmə ilə bu problemlərin öhdəsindən gəlmək mümkündür. Bu məsləhətlər və təhlillər insanların psixoloji rifahının qorunmasına kömək edəcək və tıxaclar, sıxlıq kimi həyatın ayrılmaz hissələrini daha rahat idarə etməyə şərait yaradacaq. Bu dediklərim də artıq fayda verməzsə mütləq psixoloqa müraciət etməl lazımdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi
www.yenicag.az