Tolerantlıqdan MİLLİ BİRLİYƏ: Azərbaycan cəmiyyətinin gücünün SİRRİ

media-hightechnic-468x90

Dini və milli tolerantlıq fərqli etiqadlara, adət-ənənələrə, milli kimliklərə hörmətlə yanaşmaq, birgəyaşayış mədəniyyətini qoruyub inkişaf etdirmək bacarığıdır. Bu anlayış cəmiyyətin sağlam təməli, dövlətin sabitliyinin və inkişafının mühüm dayağı kimi çıxış edir. Tolerantlıq yalnız başqasının mövqeyinə dözümlülük deyil, həm də müxtəliflikdən güc almaq, fərqlilikləri zənginlik kimi qəbul etmək deməkdir.

Azərbaycan dövləti və Prezident İlham Əliyev tolerantlığın möhkəmləndirilməsini milli siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Ölkəmizdə müxtəlif dinlərə və millətlərə mənsub insanların hüquq və azadlıqlarının təmin olunması, onların öz mədəniyyətlərini, dilini, adət-ənənələrini yaşatması üçün bütün şərait yaradılıb. Prezidentin dəfələrlə vurğuladığı kimi, multikulturalizm və tolerantlıq Azərbaycanda sadəcə dövlət siyasəti deyil, eyni zamanda həyat tərzidir.

Millətlərarası münasibətlərin inkişafı isə dövlətin sosial-siyasi sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan nümunəsi dünyaya göstərir ki, dini və milli müxtəliflik parçalanma yox, əksinə, birlik və həmrəylik mənbəyidir. Bu siyasətin uğurlu nəticəsi olaraq ölkəmiz beynəlxalq müstəvidə də tolerantlıq mərkəzi kimi qəbul edilir.

Yenicag.az-a açıqlamasında Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin şöbə müdiri, tanınmış jurnalist Yadigar Məmmədli deyib ki, Azərbaycan dövləti multikulturalizmə, insanlar arasında tolerantlıq münasibətlərinin formalaşmasına xüsusi önəm verir:

“Yəni multikulturalizm, cənab Prezidentin də səsləndirdiyi kimi, bizim həyat tərzimiz olmaqla yanaşı, həm də dövlətin siyasəti və mühüm siyasi istiqamətlərdən biridir. Onun da əsasını 90-cı illərdə ulu öndər Heydər Əliyev qoyub. Multikulturalizm o dövrdə bəlkə də geniş qəbul olunmurdu. Amma mahiyyət ondan ibarətdir ki, Azərbaycanda yaşayan xalqlar dillərinə və dinlərinə görə fərqlənsələr də, ümumi milli kimlikdə azərbaycanlı adı altında birləşiblər. “Azərbaycanlı” anlayışı da məhz 90-cı illərdə formalaşaraq bu siyasətə xidmət edib. Azərbaycanda multikulturalizmin siyasi banisi ulu öndər Heydər Əliyevdir”.

Mütəxəssisin sözlərinə görə, ondan sonra bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olundu:

“Həmin qanunlarda Azərbaycanda multikultural durumun və tolerantlığın əsasları hüquqi şəkildə işlənib və qorunur. Dövlət siyasətində ölkədə yaşayan hər bir vətəndaş dilinə və dininə görə təqib edilmir, ayrı-seçkiliyə məruz qalmır. Əksinə, bu dəyərlər dövlət tərəfindən qorunur və təşviq edilir. Ən sevindirici məqam odur ki, Azərbaycanın tarixində heç vaxt dini və ya milli zəmində münaqişə olmayıb. Halbuki dünyanın bir çox yerlərində müharibələrin və qarşıdurmaların əsas səbəbi məhz dini və milli zəmində yaranan problemlər olub. Azərbaycanda isə bu baş verməyib. Bunun səbəbi bizim qədimdən gələn multikultural ənənələrimiz, qonşuya hörmət, dilinə-dininə baxmadan insanı öz vətəndaşımız kimi qəbul etmə mədəniyyətimizdir”.

O, əlavə edib ki, məhz bu xüsusiyyətlər nəzərə alınaraq 2014-cü ildə cənab Prezident İlham Əliyev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzini təsis etdi. Mərkəzin əsas missiyalarından biri Azərbaycanda multikulturalizmi təşviq etmək, onun təbliğini ölkə daxilində və xaricdə həyata keçirməkdir:

“2015-ci ildən başlayaraq Azərbaycan universitetlərində “Multikulturalizmə giriş” fənni tədris olunmağa başladı. Hazırda bu fənn bütün ali təhsil müəssisələrində bakalavr pilləsində, magistratura pilləsində isə “Azərbaycan multikulturalizmi” fənni kimi tədris olunur. Xaricdə isə ilk olaraq 7 ölkədə keçirilən dərslər hazırda 27 ölkəyə yayılıb. Mərkəzin layihələrindən biri də “Yay və Qış məktəbləri”dir. Bu məktəblərə seçilən tələbələr Azərbaycana dəvət olunur, müxtəlif bölgələrdə yaşayan etnik və dini icmalarla tanış olurlar. Ölkəmizdəki sinaqoqlar, kilsələr, məscidlər ziyarət edilir və tələbələr nəzəri biliklərini əyani şəkildə təsdiq edirlər”.

O, söyləyib ki, eyni zamanda, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə çoxsaylı beynəlxalq konfranslar keçirilir:

“Son illərdə islamofobiya ilə bağlı beynəlxalq konfranslar Bakıda baş tutub və dünyanın müxtəlif yerlərindən alimlər burada müzakirələr aparıb. Bu müzakirələrin materialları Azərbaycan, rus və ingilis dillərində çap edilərək yayılır. Mərkəzin digər fəaliyyət istiqamətlərindən biri də Qafqaz Albaniyasının tarixi və irsinin tədqiqidir. Sovet dönəmində və ondan əvvəl bu mövzuya biganə yanaşılmış, hətta erməni saxta alimləri Qafqaz Albaniyası tarixini saxtalaşdırmışdılar. İndi isə Azərbaycanın müstəqilliyindən sonra bu sahədə geniş araşdırmalar aparılır, beynəlxalq albanşünaslarla birgə konfranslar keçirilir və materiallar çap olunur”.

“Bundan başqa, Azərbaycanda yaşayan müxtəlif milli icmalar – talışlar, ləzgilər, tatlar, kürdlər, avarlar və digərləri ilə birgə tədbirlər təşkil olunur. Onların dillərində kitablar nəşr edilir, təqdimatlar keçirilir. Qeyd etdiyim bu istiqamətlər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin yalnız bir hissəsini təşkil edir”, – deyə o, fikirlərini tamamlayıb.

Məsimə Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi”;” mövzusu üzrə dərc olunub.

media-medialogo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa