Toya çevrilən yaslara SON – Qadağalar kimlərin işinə PƏL VURDU?
“Yas məclislərinin tədricən yığışdırılması bütün bölgələrdə geniş yayılmalıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev bildirib.
O, Azərbaycanın bir çox bölgələrində yas mərasimlərinin təmtəraqsız keçirilməsi ilə bağlı qəbul edilən qərara münasibət bildirib.
Müsahibimizin sözlərinə görə, yaslarla əlaqədar qadağa deyilən bir yanaşma yoxdur:
“Sadəcə olaraq belə mərasimlər cəmiyyət tərəfindən öz-özünə tənzimlənir. Bu yaslarda israfçılıq, əlavə xərclər, insanlara çətinlik yaradırdı. Bəzi insanların maddi imkanı olmur, banklara borclanıb kredit götürüb “qonşudan geri qalmamaq” prinsipi ilə təmtəraqlı yas mərasimi keçirirdilər. Bu olmasın, yas sahibi əziyyət çəkməsin deyə insanlar çox düzgün addım atıblar ki, bir sıra rayonlarda yas mərasimləri artıq təmtəraqlı şəkildə qeyd edilmir. Əslində, bu çox normal yanaşmadır. Onsuz da bizim cəmiyyətimiz elə bir cəmiyyətdir ki, yası düşən insanlara el-oba, yaxın-uzaq qonşular kömək edirdilər ki, yas sahibi əlavə yüklənməsin. Ona görə də bölgələrdə insanlar düzgün addım ataraq yas mərasimləri haqlı olaraq yığışdırılır”.
Sosioloq belə yas mərasimlərinin keçirilməsinin mərasim zalı olan iş adamlarının gəlir yeri olduğunu diqqətə çatdırıb:
“Bu cür zallarda yas mərasimləri keçirmək yalnız mərasim zalı olan iş adamlarına sərf edirdi. Yası düşən şəxslərə isə yalnız əlavə xərc idi”.
Ü. Şəfiyev yas mərasimlərinin yığışdırılmasını bütün ölkədə genişləndirilməsinə ehtiyac olduğunu vurğulayıb:
“Bu qadağalar çox yaxşı örnəkdir və bunu bütün bölgələrdə genişləndirmək lazımdır. Bu istiqamətdə çox yaxşı olardı ki, imkanlı, zəngin şəxslər öz yas məclislərini daha sadə keçirsinlər. Sadə, imkansız camaat da onlara baxıb nümunə götürsün ki, imkanlı şəxs öz yas məclisini sadə keçirirsə, biz niyə təmtəraqlı keçirək?!”
Nurlan Cəfəri