“Trabzonspor”lu oyunçu BƏƏ KLUBUNDA
“Trabzonspor” portuqaliyalı müdafiəçi Pedro Malheyronun Birləşmiş Ərəb Əmirliklərinin “Al Wasl” klubuna transfer olunduğunu rəsmən açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
“Peşəkar futbolçumuz Pedro Xorxe Gonçalo Malheyronun “Al Wasl FC” klubuna qəti transferi ilə bağlı razılıq əldə olunmuşdur. Razılaşmaya əsasən, “Al Wasl FC” klubumuza müqavilə pozma təzminatı olaraq 7 milyon ABŞ dolları ödəyəcək. Əlavə olaraq, razılaşmada yer alan şərtlərə əsasən, klubumuza 1 milyon dollarlıq bonus və futbolçunun gələcəkdə başqa bir kluba transferi halında əldə ediləcək xalis transfer gəlirinin 15 faizi ödəniləcək”, – deyə məlumatda qeyd olunub.
Digər tərəfdən, “Al Wasl” klubu da rəsmi kanalları vasitəsilə Malheyro ilə 4 illik müqavilə imzalandığını elan edib. 24 yaşlı müdafiəçi yeni klubunda müdafiə xəttini gücləndirəcək.
Xatırladaq ki, Pedro Malheyro 2023-cü ilin yayında Portuqaliyanın “Boavista” klubundan “Trabzonspor”a transfer olunmuşdu.