“Trabzonspor” Saul Niqeslə razılığa gəldi
“Trabzonspor” ispan yarımmüdafiəçi Saul Niqeslə bütün şəxsi şərtlər üzrə razılıq əldə edib.
Yenicag.az xəbər verir ki, 30 yaşlı futbolçu “Atletico Madrid” ilə müqaviləsini qarşılıqlı şəkildə ləğv etdiyi halda, bordo-mavililərlə rəsmi müqavilə imzalayacaq.
Məlumata görə, Saul Səudiyyə Ərəbistanından aldığı təklifləri rədd edib və “Trabzonspor”un illik 3 milyon avro dəyərində olan təklifini qəbul edib. Lakin klubun əsas şərti oyunçunun azad agent statusunda transfer edilməsidir.
Bu məqsədlə Saulun bu gün “Atletico Madrid” rəhbərliyi ilə görüşəcəyi və müqaviləni qarşılıqlı razılıqla ləğv etməyə çalışacağı bildirilir. Razılıq əldə olunarsa, futbolçunun dərhal Türkiyəyə gələcəyi gözlənilir.
Klubun baş meneceri Fatih Tekkenin də oyun keyfiyyətinə və mövqelərarası çevikliyinə görə Saul Niqesin transferinə xüsusi maraq göstərdiyi bildirilir. Qərarın futbolçunun atacağı addımdan asılı olduğu vurğulanıb.
Qeyd edək ki, Saul ötən mövsümü icarə əsasında “Sevilla” klubunda keçirib və 26 rəsmi matçda 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Göycə Göycəyev