“Tramp Ərdoğana güzəşt etdi” – Rusiyalı politoloq

Tanınmış rusiyalı ekspert ABŞ-Türkiyə münasibətlərinin gələcəyindən danışıb.

Rusiyalı politoloq, “Rusiya-Türkiyə: 500 illik narahat qonşuluq” kitabının müəllifi İvan Starodubtsev Yenicag.Ru-ya açıqlamasında bildirib ki, Suriyadakı mövcud vəziyyət Türkiyəni qətiyyən qane etmir:

“20 dəqiqə davam etmiş Tramp-Ərdoğan danışıqlarından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti ölkəsini narahat edən iki məsələdən danışıb: ABŞ-ın Suriya kürdlərini dəstəkləməsi və Fətullah Gülənin təhvil verilməsi. Ancaq bu mesajlar ABŞ üçün yenilik deyildi və həmin məsələlər danışıqların nəticəsinə çevrilmədi”.

Strarodubtsevin sözlərinə görə, Trampın və onun administrasiyasının bu məsələlərlə bağlı sükutu o barədə nəsə söylənməsindən daha bəlağətlidir:

“Tramp sadəcə, Ərdoğana güzəşt etdi ki, o, sensasiyanın baş vermədiyini açıqlamaq kimi “fəxri” işi üzərinə götürsün”.

Türkiyənin Suriyada hərbi baza yaratmaq niyyətindən danışan politoloq qeyd edib ki, o ölkədəkı mövcud durum Türkiyəni heç cür razı salmır:

“İndiki şəraitdə bir tərəfdən ABŞ kürdlərə ağır silahlar göndərir, digər tərəfdənsə Türkiyə Rusiya və İranla birlikdə Suriyada təhlükəsizlik zonalarının təminatçısı kimi çıxış edir. Belə vəziyyətdə Suriya proseslərinin əsas iştirakçıları olan ölkələr ABŞ, Rusiya, Türkiyə və İran arasındakı rəqabət kövrək status-kvonu istənilən an dəyişdirə bilər”.

Yeniçağ.Az