Tramp “Juventus” futbolçularını DƏNG ETDİ – Ağ Evdə qalmaqallı ANLAR
FIFA Klub Dünya Çempionatı çərçivəsində ABŞ-nin paytaxtı Vaşinqtonda olan İtaliyanın “Juventus” komandası turnirdəki ilk oyunu öncəsi gözlənilməz ziyarət reallaşdırıb.
Yenicag.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Juventus” nümayəndə heyətini Ağ Evdə qəbul edib. Səfər səmimi mühitdə başlasa da, Trampın futbolçulara yönəltdiyi mübahisəli suallar görüşün tonunu dəyişib.
D. Tramp “Juventus”un prezidenti Con Elkan, baş məşqçi İqor Tudor və futbolçularla qısa söhbət aparıb. Tramp Elkan haqqında “Avtomobil sənayesinə verdiyi töhfə misilsizdir” deyə qeyd edib.
Lakin görüşün davamında Trampın “Komandaya bir qadın qəbul edə bilərsinizmi? Qadın sizinlə oynaya bilərmi?” sualı futbolçular arasında çaşqınlıq yaradıb. Bəziləri baxışlarını yayındırsa da, digərləri cavab verməkdən çəkinib.
Klubun futbol əməliyyatları üzrə rəhbəri Demien Komolli suala diplomatik cavab verərək, “Qadınlardan ibarət çox yaxşı komandamız var” deyib. Tramp isə bu cavabı bəyənməyərək, “Düşünürəm ki, qadınlarla oynamalıdırlar. Siz çox diplomatik yanaşırsınız” deyə əlavə edib.
Hadisə Trampın qadın idmançılar, xüsusilə trans qadınların peşəkar idmandakı yeri ilə bağlı mübahisəli mövzularda fikir səsləndirməsi kontekstində qlobal diqqət çəkib. Söhbətin davamında Tramp İran siyasəti, immiqrasiya və ABŞ səhiyyə sistemi kimi daxili siyasi mövzulara keçid edib. “Juventus” nümayəndələrinin bu məsələlərə münasibət bildirməməsi isə tənqidlərə səbəb olub.
Ziyarətdən sonra meydana çıxan “Juventus” BƏƏ təmsilçisi “Al Ain” üzərində 5:0 hesablı qələbə qazanaraq qalmaqallı səfəri idman meydanında susdurub. Rendal Kolo Muani və Fransisko Konsesao hərəyə iki, Kenan Yıldız isə bir qolla fərqlənib.