Tramp seçim qarşısında: Putin ya Avropa - ŞƏRH
“Tramp əgər Putinlə danışıb razılaşsa ABŞ ilə Avropanın yolları ayrılacaq”.
Bu sözləri Budapeşt görüşünün elan olunması və daha sonra Trampın görüşdən imtina etməsi və baş verən prosesləri Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.
Zərdüşt Əlizadə bildirib ki, Tramp Putinlə razılaşsa, Avropanı itirəcək:
“Putinin qarşısına qoyduğu məqsəd Qərb üçün çox böyük biabırçılıqdır. Putinin davranışı deyir ki, sizin kimi (Qərb, ABŞ) beynəlxalq hüquqa türpürürəm. ABŞ beynəlxalq hüquqa tüpürdüyü kimi, Colan təpələrinin ilhaqını tanıdığı kimi, Rusiya da Krımı ilhaq edir, Ukrayna ərazilərini işğal etmək istəyir. Rusiya göstərmək istəyir ki, o da Qərb, ABŞ kimi davrana bilər. Ancaq ABŞ və Qərb bildirir ki, Rusiya bizə tay ola bilməz. Beynəlxalq hüquqa tüpürmək haqqı yalnız Qərbə məxsusdur. Rusiya bunu edə bilməz. Rusiya da göstərir ki, edə bilər. Ona görə də, Krımı ilhaq edib, Donetsk, Luqanskın böyük hissəsini işğal edib. İndi də Ukraynadan tələb edir ki, mənim işğal etməyə gücüm çatmayan əraziləri də mənə təhvil ver, çünki mən o əraziləri öz konstitusiyama salmışam”.
Politoloq qeyd edir ki, Tramp Rusiyanın tələbləri ilə razılaşır, Avropa isə razı deyil:
“Avropa deyir ki, Ukraynaya silah, pul verəcəyik, onlar da vuruşacaq. Tramp seçim qarşısındadır – ya müttəfiqləri Avropaya məhəl qoymadan Qərbin siyasi birliyini pozaraq Putinin həyasız tələbini qəbul etməlidir. Zelenski ilə görüşdə də Tramp təzyiq etdi. Ancaq Zelenski qəbul etmədi. Ukrayna məğlub olmayıb, vuruşurlar.
Budapeşt görüşü NATO baş katibinin Trampla görüşündən sonra pozuldu. Çünki Qərb açıq şəkildə bildirdi ki, bu Qərbin nüfuzdan düşməsi demək olacaq. Tramp əgər Putinlə danışıb razılaşsa ABŞ ilə Avropanın yolları ayrılacaq. Ona görə də, görüşü təxirə saldı. Məsələ Rusiyanın barışmaz mövqeyindən, özünü Qərbə tay tutmaq istəyindən irəli gəlir”.
Səxavət Məmməd