Tramp Ukrayna gedişində KARTLARI AÇDI – “Görünən odur ki, həqiqətləri başa düşüb...”
“ABŞ prezidenti Donadl Trampın Ukrayna müharibəsinin dayandırılması üçün seçdiyi yol əvvəlcədən iflasa uğramağa məhkum idi. Məsələ Trampın öz nüfuzunu süni şəkildə şişirtməsi fonunda reallıqları doğru qiymətləndirə bilməməsi oldu”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
O, ABŞ lideri Donald Trampın Ukrayna məsələsi ilə bağlı planını şərh edib.
Onun sözlərinə görə, burada məsələ hansısa ölkənin bir ölkəyə sadəcə torpaq iddiasından və bu iddianı yalançı şərtlər altında gizlətməsindən ibarət deyil:
“NATO-nun genişlənməsini bəhanə gətirərək Putin özünün imperiya maraqlarını həyata keçirməyə başladı. Qorxu isə Kreml rəhbərinin Ukraynanı işğal edib sonra digər ölkələrə keçməsindən ibarətdir. Ona görə də onun dayanması mümkün deyil. Bunu başa düşən Avropa ölkələrinin də müharibənin dayandırılmasında marağı yoxdur. Onlar hesab edirlər ki, Rusiya Ukraynada gücünü doğru hesablamadığı üçün düşdüyü bataqlıqdan çıxmamalıdır. Ona görə də müharibə dayana bilməz”.
Analitik əlavə edib ki, Trampın səyləri buna görə nəticəsiz qalacaq:
“Son adlandırılan görüş də buna misaldır. Görünən odur ki, Tramp həqiqətləri başa düşüb və danışıqların mənasız olduğunu anlayıb və bu işin nəticəsi olmayacağı qənaətinə gəlib. Son bir şans isə dünya ictimaiyyətinə hesablanmış addımdır. Hamı görsün ki, Tramp sona kimi bacarığını etdi, amma tərəflər razılığa gəlmədilər. Hesab edirəm ki, son danışığın gedişi sensasion bitəcək. Trampın nümayəndəsi özünü sığortalamaq üçün sərt bəyanat verərək danışıqları yarımçıq tərk edəcək və dedikləri kimi danışıqlardan çəkiləcək. Tramp öz imicini qorumaq və danışıqların nəticə verməsi üçün ciddi cəhdlər edəcək. Yəni o, Rusiyaya qarşı Ukraynanı silahlandırmaq xəbərdarlıqları daxil bütün yolları sınayacaq”.
Rafi Müslümov