Hikmət Hacızadə: “Açığı, mən Trampın qalib gəlməyini istəyirəm, bizim üçün münasib adam odur”.
Qabil Hüseynli: “Bütün hallarda ABŞ-da kim seçilir, seçilsin, Azərbaycana yanaşmada ciddi dəyişiklik olmayacaq”.
Vüqar Zifəroğlu: “Amerikada hansı namizədin qalib gəməsindən asılı olmayaraq, xarici siyasətdə xüsusi prioritetlər dəyişməyəcək”.
ABŞ-da ötən gün keçirilmiş prezident seçkilərinin nəticələri bütün dünyada maraqla gözlənilir. Hazırda səslərin sayılması prosesi davam edir və “marafon”un əsas iştirakçıları olan prezident Donald Tramp və onun demokrat rəqibi Co Bayden ayrı-ayrılıüqda öz “qələbə”lərini müjdələməkdədirlər. Bununla belə, seçkilərin qalibi nəticələrin rəsmi təsdiqindən sonra məlum olacaq.
Amerika seçkilərinin nəticələri şübhəsiz ki, Azərbaycanda da böyük maraqla izlənilir. Bu barədə saytımıza danışaan ekspertlər mümkün nəticələri və ABŞ-ın xarici siyasətində baş verə biləcək dəyişiklikləri dəyərləndiriblər.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə isə Yenicag.az-a açıqlamasında ABŞ-da seçki kampaniyasında olduğu kimi, səssayma prosesində də başabaş mübarizə getdiyini bildirib:
“Bu an televiziya vasitəailə səslərin sayılması prosesini izləyirəm. Deyim ki, Tramp və Baydenin topladıqları səslər təqribən bərabərdir. Doğrudur, nəticələr dəyişir, rəqəmlər yenilənir, amma namizədlərdən heç birinin hələ ki aşkar üstünlüyü yoxdur. Yəni seçki kampaniyasında olduğu kimi, səssayma prosesində də başabaş mübarizə gedir.
Ona görə də, Trampın, yoxsa Baydenin qalib gələcəyi haqda qəti söz demək olmur. Favoritim kimdir? Açığı, mən Trampın qalib gəlməyini istəyirəm, bizim üçün münasib adam odur”.
ABŞ seçkiləri barəsində Yenicag.az-a danışan politoloq Qabil Hüseynli hesab edir ki, fəaliyyətdə olan prezident Donald Tramp seçki kampaniyasında yol verdiyi nöqsanların acı nəticələri ilə üzləşib:
“Hal-hazırda Bayden irəlidədir. Zənnimcə, Trampın seçkiqabağı təbliğatda “Mən siyasətçi deyiləm” deməsi ona baha başa gəldi. Tramp təbliğat kampaniyasını da uğurla aprmadı. 78 yaşlı Bayden əgər debatda Trampa müraciətlə “Corc Buş” deyirsə, bu faktdan yapışaraq, Baydenin huşsuzluğunu, qocalığını, iş qabiliyyətinə malik olmadığını çox gözəl sübut etmək olardı. Amma indi Bayden çox şanslı görünür.
Düzdür, Bayden seçki təbliğatı zamanı ermənilərə münasibətdə xeyli xoş sözlər işlədirdi, amma bunun bizim üçün elə bir əhəmiyyəti yoxdur. Əvvəla, inauqurasiya gələn yanvarın 20-də olacaq, yəni önümüzdəki 3 ay Tramp hakimiyyətdə olacaq.
Bütün hallarda ABŞ-da kim seçilir, seçilsin, Azərbaycana yanaşmada ciddi dəyişiklik olmayacaq”.
ABŞ seçkilərinin nəticələrini Yenicag.-az-a dəyərləndirən politoloq Vüqar Zifəroğlunun fikrincə, Trampın və ya Baydenin qalib gəlməyindən asılı olmayaraq, Amerikanın xarici siyasətində kəskin dəyişiklik baş verməyəcək:
ABŞ-dakı prezident seçkiləri hər zaman beynəlxalq əlaqələrə, proseslərə təsir edib və edəcək. Bu seçkilər İsrail, Türkiyə, İran və ərəb ölkələri ilə gələcək münasibətlər baxımından çox maraqlıdır.
Trampın qalib gələcəyi təqdirdə müvcud Yaxın Şərq siyasətində prinsipial dəyişiklik ediləcəyini düşünmürəm. ABŞ Türkiyə ilə münasibətlərini yaxşılaşdıracaq. Türkiyə ABŞ üçün imtinaedilməz müttəfiqdir. İki ölkə arasında Trampın hakimiyyəti dövründə zaman-zaman kəskinləşmənin şahidi olsaq da, bu, heç zaman qırılma nöqtəsinə gəlmədi.
Amerikada hansı namizədin qalib gəməsindən asılı olmayaraq, xarici siyasətdə xüsusi prioritetlər var. Onlar dəyişməz qalır. Bu mənada, Bayden də qalib gəlsə, Türkiyə ilə münasibətlərdə mənfiyə doğru dəyişikliyin olacağını sanmıram. Həmçinin ABŞ-ın İsrail və ərəb ölkələri ilə münasibətləri də sabit qalacaq.
Bununla belə, ABŞ-İran münasibətlərində müəyyən dəyişikliyin şahidi ola bilərik və bu da bütövlükdə Yaxın Şərqdə gedən proseslərə öz təsirini göstərəcək”.
Aqil Bəkir
www.yenicag.az