Trampdan İrana gözdağı: “Bütün yatan hücrələrini izləyirik”
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verərək bildirib ki, Rəsmi Vaşinqton istəsə, İranın yenidən qurulmasını “demək olar ki, mümkünsüz” vəziyyətə sala bilər. Trampın sözlərinə görə, Tehran artıq hərbi və siyasi baxımdan məğlubiyyətə yaxınlaşır və ABŞ İran daxilində fəaliyyət göstərən bütün “yatan hücrələri” (sleeper cells) izləyir.
Yenicag.az xəbər verir ki, ABŞ lideri bu açıqlamaları Kentukki və Ohayo ştatlarına etdiyi səfər zamanı verib. O bildirib ki, İran daxilində fəaliyyət göstərən gizli şəbəkələrin harada yerləşdiyini ABŞ kəşfiyyatı dəqiqliklə bilir və onların hamısı nəzarət altındadır. Trampın sözlərinə görə, Vaşinqtonun əlində Tehrana qarşı daha sərt addımlar atmaq üçün kifayət qədər imkan var.
Müharibə fonunda artan yanacaq qiymətləri
Tramp çıxışlarında ABŞ ictimaiyyətini narahat edən yanacaq qiymətlərinə də toxunub. O bildirib ki, İranla bağlı hərbi əməliyyatların yaratdığı qiymət artımı müvəqqətidir və vəziyyət tezliklə stabilləşəcək.
ABŞ-da benzin qiymətlərinin son bir ayda ciddi şəkildə artdığı qeyd olunur. American Automobile Association (AAA) təşkilatının məlumatına görə, Kentukki ştatında və ölkə üzrə orta benzin qiyməti ötən ayla müqayisədə təxminən 61 sent bahalaşıb.
Tramp həmçinin bildirib ki, qiymət artımını yumşaltmaq üçün ABŞ strateji neft ehtiyatlarından müəyyən qədər istifadə edə bilər. Qeyd edək ki, bundan əvvəl Co Bayden də Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ilk aylarında qiymətlərin artmasını cilovlamaq üçün strateji ehtiyatlardan neft buraxılmasına icazə vermişdi.
Ara seçkilər öncəsi iqtisadi mesajlar
Trampın Kentukki və Ohayo səfəri həm də daxili siyasət baxımından mühüm hesab olunur. Bu səfər fevralın 28-də İran ərazisində başlayan ABŞ–İsrail hərbi əməliyyatlarından sonra prezidentin ilk böyük seçki turu kimi qiymətləndirilir.
ABŞ-da noyabr ayında keçirilməsi planlaşdırılan aralıq seçkilər ərəfəsində Respublikaçılar Konqresdə mövqelərini qorumağa çalışırlar. Tramp bu səfərlər zamanı iqtisadi mesajlarını ön plana çıxarıb və dərman qiymətlərinin aşağı salınması istiqamətində görülən işləri xüsusi vurğulayıb.
ABŞ prezidenti həmçinin bəzi amerikalıların gəlirlərinə tətbiq edilən vergi güzəştlərindən də danışıb. Onun sözlərinə görə, bəxşiş və artıq iş saatlarından əldə olunan gəlirlərə tətbiq edilən vergi güzəştləri ölkə iqtisadiyyatına dəstək verən mühüm addımlardan biridir.
Amir Aqiloğlu













