Trampdan SİMVOLİK GEDİŞ – Rusiyaya qarşı sanksiyaların PƏRDƏARXASI
“ABŞ və Rusiya arasında ciddi iqtisadi asılılıq olmadığı üçün yeni sanksiyalar əsasən simvolik xarakter daşıyır”.
Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Rusiya ritorikasını təhlil edən politoloq Konstantin Bloksin deyib.
Onun sözlərinə görə, Trampın səsləndirdiyi yeni sanksiyalarla bağlı fikirlər daha çox ABŞ daxilindəki auditoriyaya ünvanlanıb:
“Tramp həm Rusiya ilə müəyyən anlaşmalara gəlməyə, həm də ölkə daxilində sərt mövqe nümayiş etdirməyə məcburdur. Bu balansı qorumaq Tramp üçün strateji əhəmiyyət daşıyır. ABŞ-də bəzi siyasi dairələr Trampı ruslarla danışıqlara meylli olmaqda və bununla da milli maraqları təhlükəyə atmaqda ittiham edir. Yanaşı olaraq Vaşinqtonun Ukrayna münaqişəsindən çıxmaq üçün yollar axtardığı da müşahidə olunur. Trampın ritorikasında bu ziddiyyətli vəziyyətin əks olunduğu vurğulanır, yəni o, həm “şahinlər”i sakitləşdirməyə, həm də danışıqlara yer açmağa çalışır”.
Politoloq əlavə edib ki, ABŞ və Rusiya arasında ciddi iqtisadi asılılıq olmadığı üçün yeni sanksiyalar əsasən simvolik xarakter daşıyır:
“Mövcud iqtisadi münasibətlər onsuz da məhdud olduğu üçün əlavə rüsumlar və ya məhdudiyyətlərin real təsiri azdır. Bu səbəbdən də Trampın çıxışları və bəyanatları daha çox daxili ictimai rəyə hesablanıb”.
“ABŞ-də yeni sanksiyalarla bağlı müzakirələr hələlik konkret addımlarla müşayiət olunmur. Eyni zamanda, Tramp administrasiyası Rusiya ilə münasibətləri normallaşdırmağa maraqlı görünür. Tramp komandası Rusiya əleyhinə yeni tədbirlər üzərində işləyir, lakin bu proses daha çox siyasi manevr xarakteri daşıyır və ciddi dəyişikliklərə səbəb olmayıb”, – deyə o bildirib.
Nəsimi Ələsgərli