Trampın dəstəyi və İŞİD-in HƏDƏFİ: Əş-Şara Əsədin taleyini yaşayacaq?
“Onun hakimiyyətinin devrilməsi ehtimalı hazırkı mərhələdə real görünmür”
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, siyasi şərhçi Elşad Mirbəşirli deyib.

E. Mirbəşirli İŞİD terror təşkilatının Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şaranı hədəf seçməsi və onun fiziki məhvi ilə bağlı yaydığı bəyanatın Suriyanın gələcək taleyinə mümkün təsirlərini şərh edib.
Siyasi şərhçi bildirib ki, 2024-cü ilin dekabrında Əş-Şaranın rəhbərlik etdiyi Həyat Təhrir əş-Şam (HTŞ) qüvvələrinin Bəşər Əsəd rejimini devirməsi ilə Suriyada keyfiyyətcə yeni mərhələ başlayıb:
“Bu prosesdən sonra Əş-Şaranın siyasiləşmiş qanadı ilə digər qeyri-qanuni silahlı qruplaşmalar, xüsusilə terrorçu elementlər arasında açıq qarşıdurma yaranıb. Hətta İŞİD və özlərini “cihadçı” adlandıran bir sıra radikal təşkilatlar Əş-Şaranı “cihad ideallarına xəyanətdə” ittiham edərək ona qarşı cəbhə alıblar.
Hazırda təkcə İŞİD deyil, digər radikal qruplar da Suriyanın müvəqqəti prezidentinə qarşı aktiv mübarizə aparır. Mövcud vəziyyət müəyyən mənada Bəşər Əsəd dövrünün mənzərəsini xatırladır: o zaman da əsas hərbi poliqon hökumət qüvvələri ilə İŞİD arasındakı qarşıdurma üzərində qurulmuşdu. Xatırladaq ki, İŞİD-in vaxtilə İraq və Suriyanın geniş ərazilərini qısa müddətdə işğal etməsi beynəlxalq birlikdə ciddi suallar doğurmuşdu.
2025-ci ilin noyabrında Əş-Şaranın Vaşinqtona səfəri və Donald Tramp ilə görüşü Suriya üçün mühüm dönüş nöqtəsi oldu. Həmin görüşdə tərəflər arasında siyasi əməkdaşlığa dair saziş imzalandı və Suriya rəsmən ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasına qoşuldu. Bu kontekstdə, Tramp administrasiyasının Əş-Şara hakimiyyətinə hərbi-siyasi dəstəyini davam etdirəcəyi gözləniləndir.
Digər tərəfdən, İŞİD-in yeni administrasiyaya qarşı hansı xarici və ya daxili qüvvələrdən impuls aldığı hələ də müzakirə mövzusudur. Əş-Şara Qərblə diplomatik təmasları intensivləşdirdiyi üçün radikal kəsimin bir nömrəli hədəfinə çevrilib. Lakin bu qruplaşmaların hər hansı ciddi nəticə əldə edəcəyi inandırıcı deyil.
Buna əsas verən amillərdən biri də Əş-Şaranın kürd silahlı birləşmələrinə qarşı mübarizədə qazandığı uğurlar və ölkənin zəngin karbohidrogen ehtiyatlarının cəmləşdiyi əraziləri nəzarətə götürmək üzrə olmasıdır. Məlumdur ki, vaxtilə İŞİD də fəaliyyətini məhz qanunsuz neft ticarəti üzərində maliyyələşdirirdi. Dolayısıyla, hazırkı gərginliyin kökündə həm də strateji resurslara nəzarət uğrunda mübarizə dayanır.
Yekun olaraq qeyd etmək olar ki, Əş-Şara beynəlxalq müstəvidə legitim lider kimi qəbul edilir və Qərbin birbaşa dəstəyinə sahibdir. Qarşı tərəfdəki silahlı qrupların isə əvvəlki hərbi potensialı artıq mövcud deyil. Bu səbəbdən, onun hakimiyyətinin devrilməsi ehtimalı hazırkı mərhələdə real görünmür”, – deyə Elşad Mirbəşirli vurğulayıb.
Nəsimi Ələsgərli













