Reklam: High Technic
hightechnic

Trampın “ərəb NATO-su” ideyası: “Ərəblərin döyüş qabiliyyəti yüksək olmasa da...” - Politoloq

“Ərəb dövlətlərinin İran əleyhinə təşkilatlandırılmasında ABŞ-ın iştirakı birmənalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın İran əleyhinə fəaliyyət çərçivəsində ərəb dövlətlərinin iştirakı ilə hərbi alyans yaratmaq təşəbbüsünü dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Rusiyanın nüfuzlu RBK nəşri ABŞ-ın İrana qarşı planları çərçivəsində ərəb dövlətlərinin iştirakı ilə yeni hərbi ittifaq yaradılması istiqamətində hazırlıqlara başladığına dair məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ şərti olaraq, “Ərəb NATO-su” adlandırılan yeni alyansda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər, Oman və Bəhreynin iştirakını nəzərdə tutur. Gələcəkdə Misir və İordaniyanın da bu alyansa qoşulması mümkün sayılır.

Qeyd olunur ki, Yaxın Şərq Strateji İttifaqı (MESA) adlandırılan alyansın əsas məqsədləri bu il oktyabrın 12-13-də Vaşinqtonda keçiriləcək Körfəz ölkələri sammitində açıqlanacaq.

İlk baxışda, genişmiqyaslı və uzunmüddətli layihə təsiri bağışlayan “ərəb NATO-su” təşəbbüsü ABŞ-ın qarşıya qoyduğu məqsədə çatmaq üçün nə dərəcədə effektli olacaq? Bu barədə fikir bildirən rusiyalı ekspertlər ərəb dövlətlərinin mövcud durumunu əsas götürərək, Vaşinqtonun bu layihəsinin uğurlu alınacağına skeptik yanaşırlar.

“Ərəb NATO-su”nun perspektivini və İrana qarşı planların icrasında mümkün rolunu Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, bu qurum real təhlükəyə çevrilməsə belə, Tehrana müəyyən başağrısı yarada bilər:
“Gördüyünüz kimi, ABŞ İrana qarşı münasibətini sərtləşdirməkdədir və Tehran rejimi əleyhinə yeni cəbhələr açmağa cəhd göstərir. Burada əlbəttə ki, İranın özünün də yanlışları az deyil. Hər halda, ölkənin və əhalinin ağır durumunda dövlətin sərvətini “maraqların müdafiəsi” adı altında Suriya ilə Yəməndə havaya sovurmaq İranı belə vəziyyətlə üz-üzə qoyub.
Ümumiyyətlə, açıq etiraf olunmalıdır ki, hazırda İslam dünyasında əsas nifaq mənbəyi kimi, Səudiyyə Ərəbistanı və İran çıxış edir. Bu iki ölkə regionda öz təsirini artırmaq üçün əllərində olan bütün vasitələrdən istifadə etməyə çalışırlar. Ərəb dövlətlərindən ibarət yeni hərbi ittifaqın yaradılması təşəbbüsü də bu iddiadan qaynaqlanır. Əlbəttə ki, ərəblərin İran əleyhinə təşkilatlandırılmasında ABŞ-ın iştirakı birmənalıdır.

Ancaq ərəb dövlətləri ordularının döyüş qabiliyyətinə nəzər saldıqda, onların böyük hərbi potensiala malik İrana qarşı təsirli amilə çevriləcəkləri o qədər də inandırıcı görünmür. Lakin, nəzərdə tutulan ərəb hərbi alyansı ciddi gücə çevrilməsə belə, İrana müəyyən başağrısı yarada bilər.

Digər tərəfdən, bu məsələdə regiondakı mövcud vəziyyətə də nəzər salmaq lazım gəlir. Yəni hazırda İranın Rusiya və Türkiyə ilə hissolunacaq dərəcədə yaxınlaşması İranın aktivinə yazılan məqamdır. Lakin bütün hallarda, bu hazırlıq bölgədə gərginliyin artmasına xidmət edəcək”.

A.Zeynalov

www.yenicag.az

274