Kompromisdən çox ULTİMATUM: Rusiya “sülhü” NECƏ BAŞA DÜŞÜR?

media-hightechnic-468x90

“Rusiyanın ən böyük güzəşti yalnız onun tələbləri təmin olunduğu halda atəşkəsə razılaşmaq ola bilər”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq, sabiq deputat Elşad Mirbəşirli deyib.

O, Rusiya Prezidenti Vladimir Putinin ABŞ-li həmkarı Donald Trampla telefon danışığından sonra Ukrayna ilə kompromis barədə bəyanat səsləndirməsini şərh edib.

Politoloq bildirib ki, Putinin Qərb rəsmiləri ilə kompromis dilində danışması bir ilkdir:

“Bu vaxta qədər rəsmi Moskva kompromisə açıq bir mövqe sərgiləməmişdi. Bugünkü vəziyyət isə bu yanaşmada müəyyən dəyişikliyin baş verdiyini göstərə bilər. Telefon danışığı zamanı Putin münaqişənin sülh yolu ilə həllinin vacibliyini və ilkin səbəblərin aradan qaldırılmasının əsas şərt olduğunu vurğuladı. Rusiya tərəfinin fikrincə, münaqişənin kökündə duran səbəblər NATO-nun Şərqə doğru genişlənməsi, Ukraynanın Qərbə inteqrasiya cəhdləri, Rusiyaya qarşı yönəlmiş siyasətlər və Donbas məsələsidir. Lakin Rusiya bu tələblərindən geri çəkilmir, əksinə, yeni şərtlər irəli sürür”.

E. Mirbəşirli əmindir ki, Rusiya tərəfi Ukraynanın bəzi ərazilərdən geri çəkilməsini istəyir:

“Bu isə Kiyev üçün qəbuledilməzdir. Digər tərəfdən, Rusiya kompromisə getməyə də hazır görünmür. Kompromis anlayışı tərəflərin müəyyən güzəştlərə getməsi deməkdir. Amma bu günə qədərki vəziyyət onu göstərir ki, Putin təhlükəli mövzularda güzəştə getmək niyyətində deyil. Hazırkı mərhələdə Rusiyanın ən böyük güzəşti atəşkəs rejiminə razılıq verməsi ola bilər. Niyə məhz bu? Çünki Tramp-Putin telefon danışığından əvvəl Avropa liderləri və Zelenski arasında intensiv təmaslar olmuşdu. Danışıqdan sonra da Avropa liderləri ilə əlaqələr davam etdi. Avropa liderlərinin əsas istəyi Trampdan bu idi ki, o, Putinlə danışaraq onu atəşkəsə razı salsın”.

Analitikin fikrincə, telefon danışığının nəticəsi göstərdi ki, Tramp bu məsələdə ciddi təşəbbüs ortaya qoymadı:

“Bu isə Avropa ölkələrində narahatlığa səbəb oldu. Onlar artıq Rusiyaya qarşı 17-ci sanksiya paketini hazırlamağa başlayıblar və yeni tədbirlər üzərində düşünürlər. Eyni zamanda, Trampın Avropadakı etibarının da azaldığını müşahidə edirik. Telefon danışığının nəticəsində atəşkəs məsələsinin gündəmə gəlməsi mümkündür. Lakin bu, yalnız Rusiyanın uzunmüddətli sülhə əmin olduğu halda baş verə bilər. Əminliyin əlamətləri nələr ola bilər? Rusiya tərəfindən bu şəkildə ifadə oluna bilər: Ukrayna NATO-ya üzv olmamalıdır, hərbi dəstəyi dayandırmalıdır, neytral statusa qayıtmalıdır. Bu baş verərsə, Rusiya atəşkəsə razı ola və sülh danışıqları başlaya bilər”.

“Sülh prosesində bir növ “memorandumun” imzalanması və Rusiyanın öz tələblərini təmin etdiyinə əmin olması, Putin tərəfindən kompromis kimi qiymətləndirilə bilər. Lakin NATO-ya üzv olmamaq, Qərbdən dəstək almamaq kimi məsələlər Rusiya üçün hələ də prioritetdir. Rusiyanın ən böyük güzəşti yalnız onun tələbləri təmin olunduğu halda atəşkəsə razılaşmaq ola bilər. Çünki atəşkəs bu gün Ukrayna və Qərb üçün ən vacib, ən strateji təhlükəsizlik məsələsidir. Əgər atəşkəs olmazsa, Ukrayna Qərbin dəstəyini tamamilə itirəcək. Qərb isə artıq anlayır ki, Ukraynaya hərbi və ya siyasi dəstəyi əvvəlki səviyyədə göstərmək imkanları məhduddur. Bu dəstəyin görüntüsünü saxlamaq istəsələr də, reallıq fərqlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600