Trampın seçki kabusu: İranla müharibə partiyanı uçuruma aparır?
“Trampın təmsil olunduğu partiyanın seçicilər arasında nüfuzu düşüb.”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.
Politoloq son bir neçə gündə İran – ABŞ – İsrail arasında baş verənləri qısa təhlil edib:
“ABŞ-İsrail-İran müharibəsinin sonu hələ görünmür. Danışıqlar gedir amma nəticə yoxdur. İki gün öncə İranın İsrailə endirdiyi zərbələrə İsrail də əks zərbə ilə qarşılıq verdi. Tramp da onların atəşkəs elan etməsini istədi. Baxmayaraq ki, Tramp həmin gün iki tərəfi də razı saldı, dünən İranın zərbələri baş tutdu və ABŞ buna qarşılıq olaraq İranın cənub bölgəsini bombaladı. İran cavab olaraq Küveyt, Bəhreyn, İordaniyadakı hərbi bazalara cavab zərbəsi endirdi. Körfəz ölkələrində vəziyyət gərgindir, hava məkanı bağlanıb. Buna baxmayaraq İran həmin ərazilərə zərbə endirməyə davam edir. Maraqlı tərəf isə odur ki, Tramp hələ də sülhün yaxın müddətdə imzalanacağını bildirir. ABŞ vitse-prezidenti də ABŞ dövlətinin maraqlarına uyğun olaraq İranla nüvə müqaviləsi imzalayacağını bildirdi. Amerikanın tək marağı İranın nüvə proqramını dayandırmasıdır. Məlumata görə İran nüvə proqramını 10 illik dayandırmağa razı olduğunu bildirib, amma ABŞ 20 illik müddət tələb edir. Hazırda danışıqlar gedir. Tramp İranla yenidən müharibə aparmaq istəmir. Bu müharibə Amerikaya ciddi problemlər yaradıb, aralıq seçkiləri yaxınlaşdıqca Trampın təmsil olunduğu partiyanın seçicilər arasında nüfuzu düşür. Tramp bu səbəbdən İranla razılaşmaya gedib özünü qalib elan etmək istəyir, amma hələ də nail ola bilmir.”
Nurlan Cəfəri













