Trampın YENİ DÜŞMƏNİ: “Ərəb baharı”nın nüvəsi olan “İxvan” niyə terrorçu elan edilir? -  ARAŞDIRMA

media-hightechnic-468x90

“Müsəlman Qardaşları” (“İxvan”) hərəkatı son dərəcə həlledici və çətin bir mərhələyə qədəm qoyub. Təşkilat hazırda çox ciddi beynəlxalq təzyiqlə üz-üzədir. Belə ki, ABŞ Prezidenti Donald Tramp “İxvan”ı terrorçu təşkilat kimi tanımaq niyyətini açıq şəkildə bildirib ki, bu qərar müşahidəçilərin fikrincə, təşkilatın gələcəyində – həm ərəb dünyasında, həm də onun hüdudlarından kənarda köklü dəyişikliklərə səbəb ola bilər.

Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti açıq mətnlə bildirib ki, “Müsəlman Qardaşları”nı “xarici terror təşkilatı” kimi təsnif etmək planı artıq son mərhələyə daxil olub.

Sağçı “Just The News” saytına bazar günü verdiyi açıqlamada Tramp bu qərarın “ən sərt və açıq ifadələrlə” veriləcəyini, bunun üçün son sənədlərin hazırlandığını bildirib.

Trampın açıqlaması Teksas ştatının respublikaçı qubernatoru Qreq Abbotun ötən həftə atdığı addımdan sonra gəlib. Abbot həm “Müsəlman Qardaşları” hərəkatını, həm də Amerika–İslam Münasibətləri Şurasını “xarici terror təşkilatları və transmilli cinayətkar qruplar” kimi təsnif edib.

Qeyd edək ki, “Müsəlman Qardaşları” təxminən bir əsr əvvəl Misirdə yaradılıb və uzun illər ərzində bir çox ölkələrin siyasi və dini həyatında təsirli rol oynayıb. Lakin bu gün təşkilat Misirdə və bir sıra ərəb ölkələrində rəsmi şəkildə qadağan olunub.

ABŞ-nin atacağı addım son illərdə bir sıra ərəb və qeyri-ərəb ölkələrin “Müsəlman Qardaşları”na qarşı həyata keçirdiyi tədbirlər dalğasının bir hissəsidir. Bu tədbirlərə hüquqi qadağalar, məhkəmə təqibləri və maliyyə mənbələrinin qurudulması daxildir. Misir, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn də daxil olmaqla, bir çox ölkə “İxvan”ı ya tamamilə qadağan edib, ya da terror təşkilatları siyahısına salıb. Bu qadağalar təşkilatın bölgədə gərginlik yaratmaq və silahlı qruplara dəstək verməkdə ittiham olunması fonunda baş verib.

Misir hakimiyyəti “Müsəlman Qardaşları”nı 2013-cü ildən bəri “terror təşkilatı” kimi tanıyır. Təşkilatın əksər rəhbərləri, o cümlədən başçısı Məhəmməd Bədi həmin ildən sonra həbsdədir. Digər liderlər isə ölkədən qaçaraq xaricdə yaşayır və Misir məhkəmələri tərəfindən axtarılır.

Müşahidəçilər bildirirlər ki, ABŞ-nin bu qərarı rəsmi şəkildə təsdiqlənərsə, bu, beynəlxalq miqyasda presedent yaradaraq başqa Qərb ölkələrini də oxşar addımlar atmağa təşviq edə bilər. Bu isə təşkilat üzərindəki təzyiqləri daha da gücləndirəcək.

Misirli tədqiqatçı və radikal hərəkatlar üzrə mütəxəssis Munir Adib Yenicag.az-a açıqlamasında bildirib ki, “Müsəlman Qardaşları”nın terror təşkilatı kimi təsnif edilməsi təkcə ABŞ daxilində nəticələr doğurmayacaq, onun təsiri Yaxın Şərq də daxil olmaqla, digər bölgələrə də yayılacaq.

Onun sözlərinə görə, bu qərar Vaşinqtonun elan etdiyi ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyini təhdid edən şəbəkələrin dağıdılması strategiyasına uyğun gəlir.

“İxvan”ın terror siyahısına salınması ərəb dünyasında təşkilatın strukturunun dağılmasına kömək edə bilər və Avropada da onun fəaliyyətini məhdudlaşdıra bilər”, – mütəxəssis qeyd edib.

Gözlənilən “İxvan” ssenarisi” barədə danışan tədqiqatçı belə izah edib:

“Təşkilat öz mövqeyini yenidən formalaşdırmağa çalışacaq və yeni adlar altında yenidən ortaya çıxması mümkündür. Amma “Müsəlman Qardaşları” adı birbaşa istifadə edilməyəcək. Düşünürəm ki, Vaşinqton bunu çox yaxşı anlayır və həm təşkilatın özünə, həm də ona sığınacaq və ya himayə verən bütün tərəflərə – istər ərəb ölkələri olsun, istər qeyri-ərəb dövlətləri, istərsə də başqa adlarla çıxış edən qurumlar – qarşı ciddi şəkildə hərəkət edəcək”.

Misirli terrorla mübarizə eksperti, polkovnik Hatəm SaberYenicag.az-a verdiyi açıqlamada bildirib ki, ABŞ-“İxvan” ittifaqı Barak Obama dövründə zirvədəydi. Obama “İxvan”ı yaradıcı xaos və “Ərəb baharı” vasitəsilə Yaxın Şərqi yenidən formalaşdırmaq üçün ideal vasitə görürdü. Amma bu layihə uğursuzluğa düçar olduqdan sonra Vaşinqtonun “İxvan”a ehtiyacı qalmadı.

O deyib:

“Tramp hakimiyyətə gələndən sonra ABŞ-nin prioritetləri dəyişdi – xaosu dəstəkləməkdən onun fəsadlarını azaltmağa keçdi. Nəticədə “İxvan” artıq faydalı vasitə deyil, ağır yükə çevrildi. Onu “xarici terror təşkilatı” kimi təsnif etmək barədə sərt ifadələrlə yazılmış rəsmi sənədlərin hazırlanması, əslində, etik yanaşma deyil, “İxvan”ın rolunun bitməsi ilə bağlı məntiqli bir nəticə idi”.

Saberin fikrincə, “İxvan”ın terror siyahısına salınması təşkilatın ABŞ daxilində hərəkətlərini ciddi şəkildə məhdudlaşdıracaq və bunun təsiri Avropaya da yayılacaq. O qeyd edib ki, Avropada təşkilat rəhbərlərinin sayı ABŞ-dən çoxdur, buna görə də qərar həm Avropadakı, həm də Misir və digər ərəb ölkələrindəki fəaliyyətlərini sıxacaq.

Onu da qeyd edək ki, müsəlmanların hüquqlarını müdafiə edən “Amerika–İslam Münasibətləri Şurası” (AİMŞ) bu qərarı “heç bir real və ya hüquqi əsası olmayan böhtan xarakterli addım” kimi pisləyib. AİMŞ ABŞ-nin Qəzza müharibəsi ilə bağlı siyasətinə sərt şəkildə qarşı çıxdığı üçün qubernator Abbotu İsrailin xeyrinə olan bir siyasi xətti müdafiə etməkdə və “son aylarda müsəlman amerikalıların, xüsusilə İsrail hökumətini tənqid edənlərin nüfuzuna zərər vurmaq üçün islamofob isteriyanı qızışdırmaqda” ittiham edib.

Xatırladaq ki, Teksas qubernatoru Abbot İsrailə açıq dəstəyini dəfələrlə bəyan edib və 7 oktyabr 2023-də başlayan müharibədən bəri Teksasda keçirilən Fələstin tərəfdarı tələbə etirazlarını “antisemitik” adlandırıb.

Onu da vurğulayaq ki, hər hansı bir qurumu “terror təşkilatı” kimi tanımaq federal hökumətin səlahiyyətinə aiddir, ştatların deyil. Lakin Abbot bundan əvvəl 2024-cü ilin sentyabrında Venesuela mənşəli “Tren de Aragua” adlı cinayətkar şəbəkəni “xarici terror təşkilatı” elan edib. Bu addımdan bir neçə ay sonra, onun siyasi müttəfiqi Donald Tramp 2025-ci ilin fevralında (Ağ Evə qayıtdıqdan sonra) həmin təsnifatı federal səviyyədə də rəsmiləşdirib. Qubernatorun yenə də Trampa arxalanaraq ştatdakı müsəlman qruplara qarşı belə addımlar atdığı qeyd olunur.

Sonda onu da qeyd edək ki, “İxvan” qeyri-ərəb ölkələrində, o cümlədən Qafqazda da simpatizanlara sahibdir. Rəsmi fəaliyyət göstərməsə də, “İxvan”la eyni əqidəni bölüşənlərin Azərbaycanda da olduğu sirr deyil. Təşkilatla bağlı sanksiyalar artarsa, onların hansı addımı atacağı da ayrı mövzudur.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa