Türk hərbi ekspert: “Afrin və Mənbic əməliyyatlarını uğurla başa çatdıracağıq”

“Əməliyyat planlaşdırıldığı kimi davam edir”.

İstanbul Yeni Yüzyıl Üniversitetinin rabitə-kommunikasiya fakültəsinin dekanı, təqaüddə olan polkovnik Nizar Aslan, Türk Silahlı Qüvvələrinin PYD terror təşkilatına qarşı Afrində təşkil etdiyi “Zeytun budağı” əməliyyatını Yenicag.az-a şərh edib.

– Keçən ilin yay aylarında Türkiyənin vaxt itirmədən Afrində əməliyyat keçirtməli olduğunu vurğulayırdınız. Bu gün “Zeytun budağı” əməliyyatının 12-ci günüdür. Bu barədə nə deyərdiniz?

– Vaxtilə demişdim ki, Türkiyənin Yaxın Şərq və Afrində terror təşkilatlarına qarşı mübarizəsi ləngiyir. Afrin əməliyyatı zəruri idi. Bunu həyata keçirtməsəydik, xalq sərt reaksiya verəcəkdi. Həmçinin, İŞİD və PKK-nın Türkiyəyə qarşı təhdidləri artacaqdı. Təbii ki bunlar birgünlük, biraylıq həmlələr deyil, uzun müddət davam edən strateji-taktiki planın nəticəsidir. Cənab prezident Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi hökumətin çoxistiqamətli bir əməliyyat hazırladığını və qətiyyətli addımlar atdığını görürük. Türkiyənin siyasətdə dayanıqlı bir mövqeyə gəlib çıxması cəmiyyətin gözləntiləri sırasında idi. Afrin bizim burnumuzun ucundadır, daimi olaraq bu bölgədən təhdidlərə məruz qalırıq, digər tərəfdən Şimali İraqdan başlayan “Kürdüstan dəhlizi”nin qarşısını almaq üçün bu torpaqlarda nəzarəti ələ almaq lazımdır. Əslində “Zeytun budağı” “Fərat Qalxanı”nın məntiqi davamıdır. ABŞ-ın himayəsilə qurulacaq terrorçu strukturun təhlükəsizliyini “İsrail oğulları” qoruyacaqdı. Belə olan təqdirdə bu dəhlizin tamamlanması üçün əsas hədəflərdən biri də Hataydır. Buna isə heç vaxt icazə vermərik. Hazırda əməliyyatlar tamamilə doğru istiqamətdə aparılır. Bundan sonrakı addımların da çox yaxşı planlaşdırıldığına inanıram. Hazırda Yaxın Şərqdə oynanılan şahmat oyununda bir neçə həmlədən sonrakı gedişi düşünə bilməyən tərəf məğlubiyyətə məhkumdur. ABŞ Mənbicdən çəkilməyəcəyini deyir, halbuki, bizim hədəfimiz Mənbici terrorçulardan təmizləmək, yəni Fəratın şərqinə qədər olan əraziləri nəzarətə götürməkdir. Bizim kürd vətəndaşlarla heç bir problemimiz yoxdur, tək məqsədimiz regionu terror təşkilatlarından təmizləməkdir. Bu günə qədər terror təşkilatından istifadə edən ABŞ bizə hər zaman yalan danışıb. Strateji müttəfiqimiz olaraq öhdəliyini yerinə yetirmir, bizim diqqətimizi yayındırır. Əməliyyatın 12-ci günündə oradakı terror mövqelərinə daxil olanda son model silahlarla rastlaşırıq. Onların hamısını başda ABŞ olmaqla, xarci dövlətlər veriblər. Bunu da qeyd etməliyik ki, regionda baş verən hadisələr müəyyən müddət sonra Türkiyəni bölmək məqsədinə xidmət edəcəkdi. Türkiyə belə bir şey qarşısında sakitcə dayana bilməz. Lazım gələndə müharibə edəcəyik, şəhid verəcəyik, amma bir qarış vətən torpağını belə heç kimə verməyəcəyik. Bu məqamda Azərbaycanın da bizə verdiyi dəstəkdən çox məmnunuq. Həmişə arxamızda olan qardaş Azərbaycana hörmət və ehtiramımı bildirirəm. Qarabağ işğaldan azad ediləndə eyni həmrəyliyi nümayiş etdirəcəyimizə heç kimin şübhəsi olmasın.

– ABŞ-ın terror təşkilatına verdiyi dəstəyə işarə vurdunuz. ABŞ-ın “Mənbicdən çıxmayacayıq” açıqlamasına Türkiyədən necə qarşılıq veriləcək? Türkiyənin əlində hansı “kozur”lar var?

– Türkiyə “İncirlik” və “Kürəcik” hərbi bazalarının bağlaya bilər. Bu mövzuların baş qərargahda da müzakirə olunduğuna əminəm. Bu “kozur”ları tezliklə bazara çıxartmalıyıq? Məncə beynəlxalq əlaqələrin konyukturasına uyğun hərəkət etməliyik. Hər addımımızı səbrlə atmalıyıq. Ola bilsin ki, gələcəkdə bu bazalardan istifadə etməli olarıq. Burada Rusiya faktorunu da unutmamalıyıq. Rusiya dostcasına münasibət göstərir, bu hal gələcəkdə də davam edəcəkmi? Hazırda bölgədə ABŞ və Rusiyanın güc müharibəsi davam edir. Biz isə heç bir tərəfi incitmədən milli maraqlarımız çərçivəsində siyasət yürütməliyik. Atatürkün imperializmə qarşı mübarizə üsulları bizə dərs olmalıdır. ABŞ-ın Mənbicdən çıxması və bizim regionu terror təşkilatlarında təmizləməyimiz ABŞ-ın “kürd dəhlizi” xülyasını puça çıxartmağımız deməkdir. Mənbicə əməliyyatların təşkil olunması bizim qətiyyətimizdən xəbər verəcək. Əks təqdirdə Afrin əməliyyatının bir əhəmiyyəti qalmayacaq.

– Türkiyənin Afrinin mərkəzinə hava əməliyyatı keçirtməsinə Rusiya necə reaksiya verəcək?

– Rusiyanın o sahədən çəkilməsi strateji addım idi. Hazırda biz ətraf kəndləri və strateji təpələri nəzarət altına alırıq. Şəhər əməliyyatına da başlayacağıq. İnşallah, heç bir əsgərimizin burnu qanamadan bu əməliyyatı başa vuracağıq. Afrin, Mənbic və Əl-Babdakı strateji mövqeləri nəzarətdə saxlamağımızın böyük əhəmiyyəti var.

– “Zeytun budağı” əməliyyatında TSK-nın son illərdə hazırladığı professional dağ piyadaları ön plana çıxırlar. Bu mövzuda nə deyərdiniz?

– Bu əməliyyatı professionalların həyata keçirtdiyini bilirik. Əməliyyat 7 və ya 18 aylıq əsgərlərlə deyil, cənub-şərqdə xidmət edən hərbçilərlə aparılır. “Ərgənəkon”, “Balyoz” və “15 iyul”dan ordumuz zərər çəkib, lakin hər şeyə rəğmən silahlı qüvvələrimiz çox güclüdür.
Afrin və Mənbicin terrorçulardan təmizlənməsində Rusiya və Türkiyə əlaqələrinin böyük rolu olacaq.

– Medianın bu prosesləri yaxından izləməsi barədə nə deyərdiniz?

– Heç kim şou göstərməsin. İnsanları içiboş sözlərlə aldatmağa ehtiyac yoxdur. Qoyun həqiqətləri TSK açıqlasın. Əməliyyat zamanı bəzi məsələlər gizli saxlanılmalıdır.

Hazırda Yaxın Şərqdə bir şahmat oynanılır və mahir oyunçu qələbə qazanacaq. Amma heç kim unutmasın ki, biz Suriya, İraq deyilik. Biz özümüzü dünyaya sübut etmiş bir irqin övladlarıyıq.