Türkiyədəki hökumət krizisi nə ilə sonuclanacaq? – Azərbaycanlı siyasilərin proqnozları
Asim Mollazadə: “AKP ilə MHP arasında koalisiya yaranacaq”
Araz Əlizadə: “Erkən seçim heç nə verməyəcək”
Sabir Rüstəmxanlı: “İndidən demək mümkün deyil”
Yusif Bağırzadə: “AKP, MHP koalisiyasının gövrək olduğunu düşünürəm”
Elşən Musayev: “Erkən seçki ehtimalı daha yüksəkdir, nəinki koalisiyon hökumətin yaradılması”
Türkiyədə seçkilərdən sonra yeni hökumətin yaradılması məsələsi gündəmdədir. Hakim AKP-nin səslərin mütləq əksəriyyətinə sahib çıxa bilməməsi, ölkədə koalision hökumətin yaradılmasını zəruri edir. Artıq bu istiqamətdə müəyyən danışıqlar da aparılıb. Eyni zamanda, onu da qeyd edək ki, 45 gün ərzində koalisiya hökuməti yaratmaq istiqamətində göstərilən səylər nəticə verməsə, erkən seçkilər keçiriləcək.
Görəsən, AKP hansı partiya ilə koalisiya quracaq? Yoxsa erkən təkrar seçkilər keçiriləcək?
Millət vəkili Asim Mollazadə Yenicag.az-a açıqlamasında AKP-nin MHP ilə koalisiya imkanlarının daha güclü olduğunu dedi: “Çox güman ki, yaxın dörvdə AKP ilə MHP arasında koalisiya razılığı əldə olunacaq. Əks halda, 45 günlük dövr bitəndən sonra yenidən seçki keçirilməsi qərarı olacaq. Yaxın müddətdə bu istiqamətdə hansı qərarların veriləcəyini görəcəyik”.
ASDP sədri Araz Əlizadə isə erkən seçimə gedilməsi imkanlarının da yüksək olduğu qənaətindədir: “O partiya ki, AKP ilə koalisiyaya daxil olacaq, həmin siyasi qurum bununla da öz fatiəsini oxuyacaq. Çünki, AKP həmin partiyanı həzmdən keçirəcək, xalq da daha həmin təşkilatı qəbul etməyəcək. Erkən seçim də ola bilər. Əgər 3 partiya öz aralarında danışıb razılığa gələ bilməsə. Lakin erkən seçim də heç nə verməyəcək. Qısa zamanda seçicilər belə tez əvvəlki fikirlərini dəyişməyəcək. Partiyalar başa düşməlidir ki, koalisiyaya girmələri labüddür.”
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı məsələ ilə bağlı indidən bir söz deməyin çətin olduğunu bildirdi: “Hələlik koalisiya hökumətinin yaradılması istiqamətində danışıqlar gedir. Danışıqlar getdiyindən onun nəticəsinin necə olacağını indidən demək mümkün deyil”.
AMİP sədri Yusif Bağırzadənin fikrincə, AKP ilə MHP arasında koalisiya yaranacaq, ancaq bu birlik də kövrək olacaq: “Erkən seçkilərə gedilməsi ehtimalı daha böyük idi. Ancaq hazırda AKP ilə MHP arasında razılıq əldə olunmaq üzrədir. Hətta ona görə bəzi nazir portfelləri MHP-yə veriləcək. Lakin bu koalisiyanın gövrək olduğunu düşünürəm. Çünki, MHP istənilən anda koalisiyadan çıxa bilər. Belədə AKP iqtidarı daha çox uduzacaq. Erkən seçkilərə gedilsə, düşünürəm ki, AKP indikindən də daha çox səs toplaya bilər”.
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev erkən seçkinin keçirilmə şansının daha böyük olduğu qənaətindədir: “Türkiyə müxalifətində sözü keçən adam yoxdur. Ərdoğanın bir sıra məsələlərdə uğursuzluğu qeyd olunsa da, müxalifətdə elə bir qüvvə də yoxdur ki, onlarla koalisiya təşkil olunsun. Düzdür, AKP-nin MHP lideri Dövlət Baxçalı ilə azı 8 nazirliyin onlara verilməsi şərtilə sövdələşməsi oldu. Lakin Baxçalı da sözündə ciddi olan adam deyil. CHP isə onlardan da daha pis gündədir. Ərdoğanın siyasətində bəzi məsələləri bəyənmirəm. Amma buna rəğmən qeyd etmək istərdim ki, bu gün Ərdoğan Türkiyə siyasətində yekdil liderdir. Kaş elə olardı ki, qələbəni özü çalardı. Belədə nə koalisiya yaradılması ehtimalı yaranardı, nə də Türkiyə xaosa gedərdi. Təbii ki, bəzi Türkiyə vətəndaşlarını da avantürüstlər öz tərəfinə çəkə bildilər. Gəzi parkı hadisələri Qərb tərəfindən təşkil olunan təxribatlar idi. Hamısı da Ərdoğanın çökməsinə hesablanmışdı. Eyni zamanda, kürd məsələsini qaldıranlar da Qərbyönümlü qüvvələrdir. Erkən seçkinin keçirilmə ehtimalı daha güclüdür, nəinki koalisiyon hökumətin qurulması”.
Millət vəkili Fazil Mustafa isə qısaca olaraq bildirdi ki, AKP-MHP koalisiyasının qurulması ehtimalı böyükdür.
ELÇİN