Türkiyənin terrorla mübarizəsi: "Rəsmi Ankaranın geosiyasi mövqeyi Qərbin də ona qarşı siyasətini dəyişib"
“Türkiyə hökuməti PKK ilə danışıqlara gedərək terrora son qoydu”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
O qeyd edib ki, Türkiyə və PKK arasında gedən danışıqlar müəyyən dərəcədə uğurla nəticələnir:
“Demək olar, PKK silahı yerə qoyub. İmralıda Abdullah Öcalanla da aparılan danışıqlar uğurlu gedir. Bəzi müxalif partiyalar bunu qəbul etmir və bundan Türkiyə hökumətinə qarşı istifadə edirlər. Buna baxmayaraq, 50 ilə yaxın mübarizə ilə davam edən silahlı terroru Ərdoğan hökuməti neytrallaşdırdı.
Qərb də artıq Türkiyəyə qarşı dəyişib. Çünki Türkiyənin mövcud geosiyasi mövqeyi, həyata keçirdiyi siyasət müəyyən qədər Qərbin də maraqlarına xidmət edir.”
Politoloq qeyd edib ki, dünyada davam edən proseslər Türkiyənin PKK ilə yalnız silahı yerə qoyduğu təqdirdə, danışıqlar apara biləcəyini göstərdi:
“Artıq yeni nizam qurulur, dünyada proseslər dəyişir, PKK ilə silahı yerə qoymadan mübarizə aparmaq mümkün deyil. Qeyd etməliyəm ki, PKK-ya dəstək verən ölkələr də zəifləyib. Təbii ki, dövlət başçısı da dövlət ağlını ortaya qoyub və çox mürəkkəb bir prososə imza atıb. Düşünürəm ki, PKK ilə Türkiyə hökuməti arasında keçirilən görüşlər müsbət yekunlaşacaq.”
Nurlan Cəfəri












