Üç xəstəyə ölmüş insanların ürəyi köçürülüb
Sidneyin Müqəddəs Vinsent xəstəxanasının kardio-cərrahları üç xəstəyə ölmüş insanların ürəyini köçürüblər.
İndiyədək bu kimi əməliyyatlarda transplantoloqlar yalnız beyin ölümü keçirən donorlardan aldıqları canlı ürəkdən istifadə edirdilər. Yeni metodika isə xüsusi aparat vasitəsi ilə yarım saata qədər döyünməyən ürəyi yenidən “dirildir” və orqanizm xaricində onun fəaliyyətini saxlaya bilir.
Əməliyyat olunmuş hər üç xəstə özünü yaxşı hiss edir. Onlardan biri – 57 yaşlı Sidney sakini artıq xəstəxanadan buraxılıb. Digərlərinin səhhəti isə sürətlə yaxşılaşmağa doğru gedir.
Avstraliya həkimlərinin tətbiq etdiyi metodika donor ürək əldə olunmasının ən azı 20 faiz artımını təmin edəcək. Bunun da mahiyyət etibarilə kardio-cərrahiyyədə dönüş nöqtəsi olacağı bildirilir.