UEFA Millətlər Liqasında yarımfinal HƏYƏCANI
Bu gün UEFA Millətlər Liqasının yarımfinal mərhələsində həlledici qarşılaşma baş tutacaq. Almaniya və Portuqaliya milli komandaları finala yüksəlmək uğrunda mübarizə aparacaqlar.
Yenicag.az xəbər verir ki, görüş Almaniyanın Münhen şəhərində yerləşən “Allianz Arena” stadionunda keçiriləcək və yerli vaxtla saat 23:00-da start götürəcək. Turnirin ev sahibi olan Almaniya millisi yerli azarkeşlərin dəstəyi ilə meydanda üstünlüyə malik olacaq.
Oyundan əvvəl hər iki komandanın baş məşqçiləri media qarşısında çıxış edərək matçla bağlı fikirlərini bölüşüblər.
Almaniya yığmasının çalışdırıcısı Yulian Naqelsmann qarşıdakı qarşılaşmanın əhəmiyyətini belə dəyərləndirib:
“Məqsədimiz yarımfinala yüksəlmək idi və buna nail olduq. İndi isə əsas hədəfimiz finala çıxmaq və titulu öz ölkəmizdə qazanmaqdır. Düşünürəm ki, azarkeşlər də Almaniyada belə bir turnirə ev sahibliyi etdiyimiz üçün məmnundurlar. Onları komandamızla yenidən birləşdirmək üçün vacib addımlar atdıq. Bu, böyük uğura gedən yolda əsas şərtlərdən biridir”.
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines isə komandasında çempionluq əzmini gördüyünü bildirib:
“Bu turnirə gümüş medal üçün qatılmamışıq. Məqsədimiz qalib komanda qurmaq və futbolçularımın çempionluq yaşamasıdır. Yarımfinal mərhələsinə qədər irəliləmişik, burada buraxılacaq ən kiçik səhv belə ciddi nəticələrə səbəb ola bilər. Mən yüksək eqoya sahib biri deyiləm. Sadəcə futbolçularım bu titulu qazanmaq üçün çalışıram və bunu Portuqaliya millisinin heyətində görməkdən daha çox heç nə arzulamıram”.
Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasının ilk qalibi olaraq 2019-cu ildə bu titulu qazanıb.
Göycə Göycəyev