Ukrayna müraciət etdi: “Bizi qoruyun!”
Ukrayna Ali Radası “Ali Radanın Ukraynanın təhlükəsizliyinin qarantı olan ölkələrə müraciəti” haqqında Qanunu qəbul edib.
Parlamentdə keçirilən səsvermə zamanı 263 deputat qanunun lehinə səs verib. Müraciətdə bildirilib ki, Budapeşt memorandumuna əsasən Ukraynanın təhlükəsizliyinin qarantı olan Böyük Britaniya və ABŞ öz öhdəliklərini yerinə yetirməlidirlər.
Bundan başqa deputatlar Rusiyadan öz qoşunlarını Ukrayna ərazisindən çıxarmağı və dövlətin ərazi bütövlüyünə qarşı təcavüzdən əl çəkməyi tələb ediblər.
Qeyd edək ki, Budapeşt memorandumu 1994-cü ilin dekabrın 5-də Ukrayna, ABŞ, Rusiya və Böyük Britaniya tərəfindən Ukraynanın nüvəsiz statusu ilə bağlı imzalanıb. Razılaşmada Ukraynanın suverenliyi və ərazi bütövlüyünü təminat verən maddələr də yer alıb.